60 illik yubileyini qeyd edən təcrübəli dənizçi: “Taleyi dənizlə bağlı olanların ömrü də mənalı keçir”

457

“Dənizçi ömrü” layihəsinin budəfəki müsahibi təcrübəli dənizçi Etibar Nuriyevdir.

O, 27 aprel 1963-cü ildə Xaçmazın Xuray kəndində anadan olub. Xudat  şəhər 2 saylı orta məktəbi bitirərək 1981-1985-ci illərdə Qafur Məmmədov adına Bakı Dənizçilik Məktəbinin “Gəmi güc qurğularının istismarı” fakültəsində təhsil alıb. 1985-2012-ci illərdə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində baş mexanik, 2012-2016-cı illərdə Azərbaycan Dövlət Neft şirkətinin Təlim Tədris Mərkəzində nəzəri tədris mütəxəssisi, 2016-2021-ci illərdə Caspian Marine B.V. şirkətində baş mexanik kimi işləyib. 2021-ci ildən indiyədək ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyasının Təlim Tədris Mərkəzində təlimatçı vəzifəsində çalışır.

60 illik yubileyi günündə təcrübəli dənizçidən və təlimatçıdan aldığımız müsahibəni təqdim edirik:

Etibar müəllim, deyirlər, dənizlə əlaqəli ömür daha mənalı olur. 60 illik yubileyini qeyd edən təcrübəli dənizçi kimi bununla bağlı sizin fikirləriniz maraqlıdır.

– Sözsüz ki, dəniz insan həyatına fərqli rəng qatır, istər-istəməz mavi suların isti nəfəsi adama güc, enerji, dözüm və sonsuz həyat eşqi bəxş edir. Bu mənada tam razılaşmaq olar ki, taleyi dənizlə bağlı olanların ömrü də mənalı keçir.

Necə olub ki, dənizçiliklə yollarınız kəsişib? Maraq haradan yaranıb?

– Özümü dərk edəndən məndə dənizçiliyə böyük sevgi olub. Artıq 35 ildir ki, bu sahədəyəm və peşəmlə qürur duyuram.

Təlim Tədris Mərkəzindəki fəaliyyətinizdən danışardınız. Burada hansı təlimləri keçirsiniz?

– Təlim Tədris Mərkəzində  “Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat”, “Neft və kimyəvi maddələr daşıyan tankerlərdə yük əməliyyatına dair ilkin hazırlıq və kvalifikasiya”, “Neft daşıyan tankerlərdə yük əməliyyatına dair geniş proqram üzrə hazırlıq” təlimlərini tədris edirəm. Dənizdə qazandığım bilik və təcrübəmi dənizçilərlə bölüşürəm. Bu təlimlərin keçirilməsi dənizçinin iş bacarığının artılmasına və işin təhlükəsiz qaydada aparılmasına köməklik edir. 

Dənizçilər arasında belə bir deyim var: ən yaxşı müəllim elə dənizin özüdür. Siz necə düşünürsünüz?

– Dəniz sanki məktəbdir. Bu məktəbin imtahanı külək və dalğalardır. İmtahandan üzüağ çıxmaq üçün isə hər cür hava şəraitinə hazırlıqlı olmaq lazımdır. 

Dənizçi üçün dənizin və gəminin fərqi varmı?

– Peşəkar dənizçi üçün bunun heç bir əhəmiyyəti yoxdur.

Yeri gəlmişkən, bir peşəkar dənizçinin yetişməsi üçün nə qədər müddət lazımdır və o, hansı mərhələlərdən keçməlidir?

– Konkret müddət demək bir qədər çətindir. Bu, dənizçinin bilik və bacarığından asılıdır. Ən əsası, qəlbində böyük dəniz sevgisi olanlar üçün dediyiniz mərhələyə çatmaq elə də çox vaxt aparmayacaq.

Yəqin ki, təlimlərinizdə gənc dənizçilər də iştirak edirlər. Təlimatçı kimi onların peşələrinə sevgi və yanaşmaları sizi qane edirmi?

– Sevindiricidir ki, bu sahəyə böyük həvəslə gələn gənclərin sayı ildən-ilə artır. Onların hər biri tapşırıqları sevə-sevə yerinə yetirirlər, öyrənməyə can atırlar. Bu da onu deməyə əsas verir ki, gəmiçiliyin gələcəyi etibarlı əllərdədir.

Təşəkkür edirik və ASCO ailəsi adından sizi yubileyiniz münasibətilə təbrik edirik. Sağlam və xoşbəxt ömür arzulayırıq.

– Mən də öz növbəmdə sizə minnətdarlığımı bildirirəm. Təbriklərə görə bütün ASCO, ADDA və TTM ailəsinə təşəkkür edirəm. Belə bir kollektivdə çalışmağımdan böyük məmnunluq hissi duyuram.