Anaklia limanının tikintisinə 2023-cü ildə başlanacağına ümid edirlər

243

Gürcüstan hökuməti ölkənin qərbində Anaklia dərin su limanının tikintisinin birinci mərhələsinə 300 milyon dollar ayırmağı planlaşdırır.

“Seanews.az” xəbər verir ki, bu barədə Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili bildirib.

“Anakliya limanının inkişafı müxtəlif mərhələdən ibarətdir. Onlar təxminən üçdür. Düşünürük ki, birinci mərhələ bizə 300 milyon dollara başa gələcək”, – Levan Davitaşvili bildirib.

Baş nazirin müavini əlavə edib ki, hökumət limanın tikintisi üçün öz ehtiyatları hesabına vəsait toplamağı planlaşdırır. O, tikintidə Gürcüstanın özəl şirkətlərinin də iştirak edəcəyinə ümid edir. Pensiya fondundan da pul cəlb oluna bilər, onu müxtəlif layihələrə yatırmağa icazə verilir. Tikinti işlərinə 2023-cü ildə başlanacağına ümid edirlər.

Gürcüstan hökuməti ikinci dəfədir ki, Anaklia limanının tikintisinə başlamağa çalışır. 2016-cı ildə Gürcüstan-Amerika konsorsiumu tərəfindən yeni liman tikilməli idi. Yeni limanın yükaşırma qabiliyyəti 7 milyon ton, limanın dərinliyi 20,5 metr, 32 yanalma körpünün ümumi uzunluğu isə 12,3 km olmalı idi. Limanın Gürcüstanın Batumi və Potisinə girişi əvvəllər problemli olan iri gəmilərə xidmət göstərəcəyi planlaşdırılırdı, lakin 2020-ci ilin yanvarında hakimiyyət şərtlərini yerinə yetirməməkdə  günahlandıraraq konsorsiumla müqaviləni ləğv etdi.