“Zərifə Əliyeva” gəmi-bərəsi ilə daşınmış yükün həcmi və sərnişinlərin sayı açıqlanıb

275

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sifarişi ilə “Bakı Gəmiqayırma Zavodu” MMC-də inşa olunmuş və 1 il bundan əvvəl istismara verilmiş Ro-Pax tipli “Zərifə Əliyeva” gəmi-bərəsi ilə 163 səfər həyata keçirilib.

“Report” bu barədə ASCO-ya istinadən xəbər verir.

Məlumata görə, bu səfərlər çərçivəsində 148 vaqon, 1061 ədəd minik avtomobili, 5 595 ədəd yük avtomobili/TIR, 5 616 nəfər sərnişin daşınıb.

Səfərlər Aktau-Ələt, Ələt-Aktau, Türkmənbaşı-Ələt, Ələt-Türkmənbaşı, Kurık-Ələt, Ələt-Kurık istiqamətləri üzrə həyata keçirilib.

Daimi heyəti 30 nəfərdən ibarət unikal bərənin uzunluğu 154,5, eni 17,7, bortunun hündürlüyü isə 7,5 metrdir, 100 nəfər sərnişin, 56 sistern tipli vaqon və ya 50 yük avtomobili/TIR daşımaq imkanına malikdir.

“Zərifə Əliyeva” gəmi-bərəsi Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşıma zəncirinin mühüm həlqəsi olan ASCO-nun digər bərələri ilə birgə yükdaşımalara, eləcə də əlverişli coğrafi mövqeyə malik ölkəmizin tranzit potensialının reallaşdırılmasına mühüm töhfə verir.