ADDA-da Koreyanın İNHA Universitetinin nümayənələri üçün görüş keçirilib

283

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasında Koreya Respublikasının İNHA universitetinin nümayəndə heyəti ilə görüş keçirilib.

Elm və Təhsil Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin sektor müdiri Müjdat Həsənov ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin əhəmiyyətindən danışıb.

ADDA-nın Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru Vüqar Sadıqov Azərbaycanda dənizçilik təhsilinin tarixindən, Dəniz Akademiyasının 1996-cı ildə Ümumilli Lider Heydər Əliyevin birbaşa tövsiyəsi ilə yaradılmasından, Akademiyanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımlardan söhbət açıb. Bildirib ki, ADDA Beynəlxalq Dəniz Təşkilatının bütün tələblərinə cavab verən ali dənizçilik təhsili müəssisəsidir. Akademiyanın diplomları beynəlxalq miqyasda tanınır. ASCO burada təhsil alan tələbələrin nəzəri hazırlığı ilə yanaşı, praktiki vərdişlərə yüksək səviyyədə yiyələnmələri üçün tədris gəmisi ayırıb. Bununla yanaşı, bütün tələbələr istehsalat və üzmə təcrübələrini ixtisasından asılı olaraq ASCO-nun donanmalarında və gəmi təmiri zavodlarında, habelə müxtəlif yerli və xarici şirkətlərin gəmilərində keçirlər.

İNHA universtetinin tədris işləri üzrə prorektoru Keeyoung Choi Azərbaycanda indiyədək bir neçə dəfə səfərdə olduqlarını, bu dəfə Azərbaycan Dövlət Dəniz Akademiyası ilə tanışlıqdan çox məmnun qaldıqlarını söyləyib. O, 70 min tələbəsi olan İNHA universtetində ayrıca dənizçilik fakültəsinin fəaliyyət göstərdiyini qeyd edərək, Koreyada dənizçilik təhsilinin təşkilindən danışıb.

Söhbət zamanı iki təhsil ocağı arasında daha sıx əlaqələrin yaradılması ətrafında fikir mübadiləsi aparılıb.

Sonra qonaqlar Akademiyanın müasir tədris, trenajor və laborotoriya otaqları ilə tanış olublar, onları maraqlandıran suallarla müəllim və tələbələrə müraciət ediblər.

adda.edu.az