Hərbi Dəniz Qüvvələrində Ulu Öndərin 100 illik yubileyi qeyd olunub

274

Mayın 6-da müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Hərbi Dəniz Qüvvələrində (HDQ) tədbir keçirilib.

“Report” xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Hərbi Dəniz Qüvvələrinin inzibati binasında yerləşən Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər.

Daha sonra Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan HDQ-nin komandanı, vitse-admiralı Sübhan Bəkirov dahi liderimiz, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin həyat və fəaliyyətindən, Ulu Öndərin ölkəmizin tarixində əvəzsiz xidmətlərindən və Azərbaycanın hazırkı sürətli inkişafından ətraflı danışıb.

O xatırladıb ki, 1993-cü ilin yayında Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində də mühüm addımlar atılıb, 1994-cü il mayın 12-də atəşkəs haqda müqavilə imzalanıb:

“Ulu Öndərin hakimiyyətə gəlişindən sonra Azərbaycanda ordu quruculuğu daha da sürətləndi, həyata keçirilən siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı. 1993-cü ilin dekabrından başlamış 6 yanvar 1994-cü il tarixinə kimi davam edən Azərbaycan Ordusunun cəbhədəki ilk uğurlu əməliyyatının müəllifi məhz Ulu Öndərdir. Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycanın Silahlı Qüvvələri Günü elan edildi”.

HDQ-nin komandanı diqqətə çatdırıb ki, ordu quruculuğu sahəsində Ulu Öndər Heydər Əliyevin qoyduğu siyasəti, hazırda Prezident, Ali Baş Komandan İlham Əliyev layiqincə davam etdirir:

“Dünya Azərbaycan Ordusunun gücünü ilk dəfə 2016-cı ilin Aprel döyüşlərində gördü. Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğratdı. Hər kəs həmin döyüşlərdə Azərbaycan Ordusunun Ermənistan ordusunu nə qədər qabaqladığını göstərdi. Nəhayət, 2020-ci ilin 27 sentyabrında əks-hücum əməliyyatı ilə başlayan Vətən müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə başa çatdı. Ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Bu tarixi qələbə, ilk növbədə, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu uğurlu siyasəti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad iradəsi və rəşadətli Azərbaycan Ordusunun döyüş meydanında sərgilədiyi şücaəti ilə qazanıldı”.

Tədbir bədii kompozisiya və konsert proqramı ilə davam etdirilib.