“United Alliance Group”un adını daşıyan yaxtalar “Baku Sailing Regatta 2023”də nümayiş olunublar

472

Ümmumilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Baku Sailing Regatta 2023” keçirilib. “Xəzər bizi səsləyir” devizi ilə mayın 26-dan 28-dək Bakı buxtasında (Yaxt klub ərazisində) təşkil olunan turnirə xarici yelkənçilər də qatılıblar. 

Regattaya “United Alliance Group” adını daşıyan müasir standartlara uyğun şəkildə dizayn edilmiş ölkənin ilk yerli yaxtaları da xüsusi rəng qataraq nümayiş olunublar.   Məşhur Hollandiyalı memar Van de Stadt-in proyekti əsasında tikilən yaxtalar okean sularında hərəkət etmək gücünə malikdilər.

Qeyd edək ki, Ümumilikdə 39 yelkənçinin iştirak etdiyi mübarizədə idmançılar altı sinif (“Optimist”, “Optimist Qızlar”, “Optimist Junior”, “ILCA 4”, “ILCA 6”, “ILCA 7”) üzrə yarışıblar. Onlar arasında Gürcüstandan olan yelkənçilər də olub.  Yarışlar yerli və Türkiyənin peşəkar hakimlərinin iştirakı ilə baş tutub.

Yelkənçilərin final günündəki mübarizəsini Gənclər və İdman naziri Fərid Qayıbov, Gənclər və İdman nazirinin müavini Mariana Vasileva, Azərbaycan Yelkən Federasiyasının prezidenti Qüdrət Qurbanov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədr müavinləri Nəzrəddin Əhmədzadə və Zaur Nağıyev, Azərbaycan DİN-nin Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin rəisi Rövşən Eyyubov, Beynəlxalq Olimpiya Komitəsinin vitse-prezidenti Mr Ser Miang NG də izləyiblər.

Xatırladaq ki, Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Baku Sailing Regatta” üçüncü dəfədir ki, təşkil olunur.

Source:https://allmarinenews.com/