Azərbaycanda ilk dəfə Aerokosmik Modelçilik Festivalı keçirilib- Foto/Video

754

Azərbaycanda fəaliyyət göstərən ictimai birliklər, təhsil müəsissələri və aviaklubların birgə təşkilatçılığı ilə mayın 28-də baş tutmuş bu festivalda müxtəlif müsabiqələrin yarış mərhələlərini uğurla keçən komandalar iştirak ediblər.
Festival çərçivəsində müsabiqə iştirakçılarına raket və peyk modelçiliyi üzrə beynəlxalq dərəcəli mütəxəssislər tərəfindən istifadə olunacaq cihazların strukturu, xüsusiyyəti və iş prinsipi barədə, habelə texniki təhlükəsizlik qaydalarına düzgün əməl olunması məqsədi ilə təlim keçirilib. Təlim əyani olaraq raket modelləri üzərində aparılıb.
“Aerokosmik modelçilik festivalı” iştirakçılara texniki idman növü kimi aerodinamika, aerokosmik mühəndislik, elektronika və mexanika sahəsində biliklərini praktik olaraq təkmilləşdirmək üçün şərait yaradıb.
74-cü Beynəlxalq Astranavtika konqresinin bu il 2-6 oktyabr tarixləri arasında məhs Bakıda keçriləcəyini nəzərə alsaq, belə bir festivalının indi təşkil olunması təsadüfi deyil. 
Qeyd etmək yerinə düşərdi ki, Azərbaycan 49 il əvvəl 24-cü Astronavtika Konqresinə uğurla ev sahibliyi etmişdir. Ulu Öndərin o zamanlar bütün dünya üçün yeni olan kosmos elminin görkəmli simalarını Bakıya toplaması, onların iştirakı ilə 1973-cü ilin oktyabrında burada ilk dəfə Beynəlxalq Astronavtika Konqresi keçirməsi onun gələcəyi gördüyünə əyani sübutdur. “Kosmik tədqiqatlar – elm və texnikaya nüfuz” devizi altında təşkil edilmiş bu konqres Azərbaycanın kosmonavtika tarixinin təməlini qoyub.
“Aerokosmos modelçilik festivalı”nın keçirilməsi həm də növbəti illərdə Azərbaycanda kosmik sənayenin inkişafının sürətləndirilməsinə, yeni nəsil PUA, raket və peyklər üzrə mütəxəssislərin yetişdirilməsinə, aerokosmik sahədə elmi-təcrübi tədqiqatların genişləndirilməsinə imkan verir.
Festival zamanı bir-sıra maraqlı anlar yaşanıb. Raket modelçiliyi üzrə yarış vaxtı, demanstrasyon-raket modeli səmaya qalxdıqdan sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəkli altında “BİZ SİZİNLƏYİK” yazısı olan banner açılıb. Bununla Azərbaycan aviamodelçiləri hörmətli Rəcəb Tayyib Ərdoğana Türkiyədəki prezident seçkilərində uğur arzulayıblar.


Tədbirin sonunda dron və raket  modelçiliyi üzrə yarışların qalibləri diplom və hədiyyələrlə mükafatlandırılıblar.
Festivalın keçirilməsində bizə yaxından kömək olan dövlət qrumlarına: Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə, Fövqəladə Hallar Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə, Hərbi Hava Qüvvələrinə, həmçinin təşkilati dətəyə görə Yeni Texnologiyaların İnkişafına Dəstək ictimai birliyi, AeroSpace ictimai birliyi, HƏDƏF STEAM liseyi, Robotzadə MMC, IT INNOVATIONS ACADEMY, Elçin Abbasovun İnteraktiv Elm Muzeyi, AES-Trading MMC, NSR GROUP MMC, AREA kimi qurumlara dərin təşəkkürümüzü bildiririk.