Prezident: “Bakı Enerji Həftəsi enerji sektorunda aparıcı beynəlxalq tədbirlərdən biridir”

264

“Bakı Enerji Həftəsi enerji sektorunda aparıcı beynəlxalq tədbirlərdən biridir”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 31-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılış mərasimindəki çıxışında deyib.

“Sözlərimi təsdiqləmək üçün tədbir iştirakçılarına təbrik teleqramları göndərən şəxsləri qeyd etmək kifayətdir: ABŞ prezidenti Co Bayden və Böyük Britaniyanın Baş naziri Rişi Sunak. Mən ABŞ Prezidentinə və Böyük Britaniyanın Baş nazirinə, onların bu tədbirdə iştirak edən nümayəndələrinə xoş və ruhlandırıcı sözlərə görə təşəkkür etmək istəyirəm”, – deyə dövlət başçısı bildirib.

Otuz ilə yaxındır energetika sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyini, indi isə yalnız energetika sahəsi ilə kifayətlənməyib, əməkdaşlığın şaxələndirildiyini qeyd edən Azərbaycan Prezidenti bildirib:

“ABŞ və Böyük Britaniya hökumətləri Azərbaycanın Xəzər dənizindəki resurslarının işlənməsi ilə bağlı irəli sürdüyü bütün təşəbbüsləri həmişə dəstəkləyib. Onlar bugünkü neft və qaz boru kəmərləri sayəsində Avrasiyanın enerji xəritəsini faktiki olaraq dəyişdirmiş enerji nəqliyyatı infrastrukturumuzun qurulmasında köməklərini əsirgəməyiblər”.