Panama Dəniz Administrasiyası “United Alliance Group”a dənizçilərin sertifikatlaşdırılmasına dair səlahiyyət verdi – FOTO

1372

Ölkənin bütün istiqamətlərində olduğu kimi, dənizçiliyin inkişafı sahəsində də son illər çox böyük nailiyyətlər əldə olunub. Respublikamızda dəniz nəqliyyatı sektorunun rəqabətədavamlı şəkildə inkişafı yönündə əhəmiyyətli işlər görülüb.

Dənizçilik sahəsində müxtəlif xidmətlər göstərən “United Alliance Group”un təlim-tədris mərkəzi qabaqcıl ölkələrin dənizçilik sahəsində təcrübələrin öyrənilməsi və bunların ölkəmizdə tətbiqinə xüsusi diqqət yetirir. Bunun nəticəsidir ki, şirkət  dənizçilərinin peşə fəaliyyətinin  daha da yaxşılaşdırılması məqsədilə onların sertifikatlaşdırılma prosesində önəmli işə imza atıb.

Belə ki, dünyanın ən böyük ticarət donanmasına malik Panama Respublikasının Dəniz Administrasiyası “United Alliance Group”un təlim-tədris mərkəzinin beynəlxalq standartlara  uyğunluğunu yoxlayaraq dənizçilərin STCW (Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair (DHDNÇ) 1978-ci il tarixli Beynəlxalq Konvensiya”ya əsasən  sertifikatlarını əldə etməsinə dair səlahiyyət verib.

Dənizçilərin dərs və simulyator otaqlarının ümumi vəziyyəti, dənizçilik sahəsi üzrə təlimlərin hazırkı səviyyəsi ilə tanış olan Panama Dəniz Administrasiyasının nümayəndələri mərkəzdə müasir standartlara uyğun ən son texnoloji avadanlıqlardan istifadə edilməklə dərslərin beynəlxalq kvalifikasiyaya malik peşəkar mütəxəssislər tərəfindən tədris olunmasını yüksək qiymətləndiriblər.

Razılığa əsasən, artıq dünyanın bütün nöqtələrindən dənizçilər Panama Dəniz Administrasiyasının verdiyi səlahiyyətlə “United Alliance Group”un təlim-tədris mərkəzində müvafiq kurslarda iştirak etdikdən sonra ən qısa zamanda STCW sertifikatlarını əldə edə biləcək.

Dənizçilik sahəsində səmərəliliyin artırılması yönündə həyata keçirilən bu yenilik sayəsində dənizçilərin STCW sertifikatlarını əldə etməsi və işə düzəlmə prosesi daha da asanlaşacaq. Daha önəmlisi isə bu onları əlavə xərclərdən də azad edəcək. Avropa və Asiya arasında körpü rolunu oynayan Azərbaycanda dənizçilik sahəsində qəbul edilmiş bu uğurlu layihənin həyata keçirilməsi ilə ölkəmizə xarici dənizçilərin marağı da xeyli artacaq. Belə ki, xarici vətəndaşlığı olan dənizçilər də nəzərdə tutulan kurs müddətini başa vurub imtahan verdikdən sonra sözügedən sertifikatları əldə edə və ya müddəti bitmiş sertifikatlarını yeniləyə biləcək.

“United Alliance Group” Xəzəryanı, eləcə də bir sıra Qara dəniz və Avropa ölkələri arasında Panama Dəniz Administrasiyasından STCW sertifikatlarını əldə etmə imkanı tanıyan yeganə Azərbaycan şirkətidir.

Qeyd edək ki,  Panama Dəniz Administrasiyasının təqdim etdiyi sertifikatlar Beynəlxalq Dəniz Təşkilatının STCW Konvensiyasına qoşulan bütün üzv dövlətləri tərəfindən tanınır.

Tonnajına görə dünyada ən böyük ticarət donanmasına malik olan Panama Respublikasının gəmiləri ABŞ və Çinin ticarət donanmasını əhəmiyyətli dərəcədə üstələyərək dünya üzrə 8600 gəmi təşkil edir. Bununla yanaşı hazırda 3000-dən çox azərbaycanlı dənizçi Panama Dəniz Administrasiyası tərəfindən təsdiq edilən sənəd üzrə Panama bayraqlı  gəmilərdə fəaliyyət göstərirlər.

Əlavə olaraq bildirək ki,  “United Alliance Gruop”da dənizçilərə STCW sertifikatlarının verilməsi həmçinin Dövlət Dəniz və Liman Agentliyindən alınan səlahiyyət əsasında icra edilir.

Source:https://allmarinenews.com/