“United Alliance Group”da dənizçilər üçün təşkil edilən “Açıq qapı” bu gün başa çatıb

619

İyun ayının 12-dən başlayan “Açıq qapı”günündə GN Group şirkətinin insan resursları üzrə müdiri, çoxillik tərcrübəyə malik uzaq səfərlər kapitanı Recep Erkan Erecek, “ZenithSurvey”, “Liman Sığorta və Təkrarsığorta Brokeri” və “Baku City Travel” şirkətlərinin nümayəndələri iştirak ediblər.

3 gün davam edən görüşdə məqsəd dənizçiləri maraqlandıran suallara aydınlıq gətirmək, eyni zamanda onları narahat edən bir sıra problemlərin həlli yolunda maarifləndirici söhbətlərin aparılması olub.

Recep Erkan Erecek dənizçilik sahəsində şəffaflığın, heyət məmnunluğunun təmin olunması, habelə dənizçilərin xarici dövlətlərin beynəlxalq ticarət bayraqlı gəmilərinə işə düzəlmə prosesində kommunikasiya məsələlərinin möhkəmləndirilməsi istiqamətində şirkət tərəfindən həyata keçirilən ardıcıl tədbirlərdən danışıb.

Görüş zamanı “ZenithSurvey” şirkətinin direktoru Seymur Mirzəyev peşə və kvalifikasiya standartları ilə bağlı qabaqcıl təcrübələrini dənizçilər üçün bölüşüb.

Beynəlxalq Dəniz Təşkilatının (İMO) və Beynəlxalq Əmək Təşkilatının dənizçilərin sosial rifahının yaxşılaşdırılması ilə bağlı olan beynəlxalq Konvensiyalardan bəhs edib.

Eyni zamanda son dövrlərdə Avropa və dünya limanlarında Liman Nəzarət Müfəttişləri (PSC) tərəfindən aşkarlanan nöqsanlar və dənizçilərlə bağlı yaranan problemlərlə əlaqədar ətraflı məlumat verdi.

S.Mirzəyev dənizçilərə Beynəlxalq Konvensiyaya əsaslanan vəzifə borclarına dərindən bələd olmağa və buna ciddi yanaşmağı tövsiyə edib.

Qeyd edək ki, “Açıq qapı” layihəsi çərçivəsində “United Alliance Group”da dənizçilik şirkətinin nümayəndələri ilə dənizçilərin sosial rifahının yaxşılaşdırılması və onların işə düzəlmə prosesində şəffaflığın təmin olunması məqsədi ilə bu kimi görüşlər mütəmadi olaraq keçiriləcək.

Source:https://www.facebook.com/unitedalliancegroupltd