ASCO SAP ERP platformasının yeni modullarının tətbiqinə başlayıb

372

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO)  fəaliyyətində qabaqcıl texnologiya  və təcrübələrin tətbiqini davam etdirir. Bu sıradan  növbəti layihələrdən olan “Enerji səmərəliliyinin idarə olunması”, SAP ERP platformasının “Təmirin, texniki xidmətin planlaşdırılması və icrası modulu” və “Materialların idarə olunması modulu” uğurla icra edilib.

Yeni layihələrin təqdimatını  edən ASCO-nun Donanmanın texniki istismar departamenti rəisinin müavini Elçin Quliyev bildirib ki, layihələr beynəlxalq təcrübəyə uyğun hazırlanaraq tətbiq olunub.

Beləki, “Enerji səmərəliliyinin idarə olunması” layihəsi “Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında” Beynəlxalq Konvensiya (MARPOL 73/78),  Dəniz Mühitinin Mühafizəsi Komitəsinin (MEPC) “Gəminin enerji səmərəliliyinin idarə olunması” və “Gəminin enerji səmərəliliyi indikatorundan istifadə”  sənədlərinə uyğun hazırlanıb. Məqsəd məsafədən avtomatik rejimdə, gəmi səfərləri ərzində emissiyaların izlənilməsi, onların ASCO tərəfindən qoyulan hədəflə müqayisədə idarə olunması və nəzarətdə saxlanılması, habelə gəmilərdə enerji səmərəliliyinə nail olmaqla, ətraf mühitin qorunmasına və istixana effekti yaradan qazların azaldılması üzrə ölkəmizin də qoşulduğu qlobal dayanıqlıq təşəbbüslərinə töhvə verməkdir.

“Təmirin, texniki xidmətin planlaşdırılması və icrası modulu”nun həyata keçirilməsində məqsəd isə gəmilərdə təmirə aid mühüm planlaşdırma və önləyici texniki qulluq proseslərinin tam avtomatik rejimdə idarə edilməsidir. Belə ki, bu modul vasitəsilə gəmilərdə texniki xidmət, əsaslı və tərsanə təmiri planlı şəkildə idarə olunur, gəminin müxtəlif ehtiyat hissələri, maşın və mexanizmlərinin reqlament üzrə dövrü texniki qulluğu, baxışı və müvafiq həcmdə təmir işləri həyata keçirilir. Həmçinin, eyni tip gəmilərdə istismar müddəti ərzində yarana bilən oxşar texniki nasazlıqların, analitika ilə öncədən proqnozlaşdırılmasına və önləyici tədbirlərlə qarşısının alınmasına da imkan verir. Bununla da, planlı texniki qulluq və təmir proseslərinin operativliyinə nəzarətin artırılmasına və daha çevik qərarların verilməsinə şərait yaradır.

“Materialların idarə olunması modulu” layihəsi isə ASCO-nun gəmiləri, gəmi təmiri müəssisələri və sahələr üzrə lazım olan ehtiyat hissələri, avadanlıqlar və mal-materialların planlaşdırılmasını daha da təkmilləşdirməyə imkan verir. Belə ki, bu modul anbar qalıqlarının sistem tərəfindən avtomatik təhlilinə, zəruri tələb olunan ehtiyat hissələri və mal-materiallar üzrə minimum anbar qalıqlarının müəyyən olunmasına, “Təmirin, texniki xidmətin planlaşdırılması və icrası modulu” ilə inteqrasiyalı şəkildə minimum qalıq azalan bəndlər üzrə sistem tərəfindən avtomatik sifarişlərin verilməsinə, bu sifarişlərin sistem üzərindən qısa zaman ərzində təsdiqinə və tələb olunan sahəyə vaxtında çatdırılmasına, bununla da, daha  səmərəli idarəetmənin təmin olunmasına imkan verir. “Materialların idarə olunması modulu”nun tətbiqi istiqamətində ASCO tərəfindən bütün mal-material, avadanlıq və ehtiyat hissələrinin sistemdə unifikasiyası aparılmış,  təfərrüatlı sifarişin formalaşdırıla bilməsi məqsədilə,

Gəmiçilik üçün tələb olunan hər bir mühüm ehtiyat hissəsi, avadanlıq və mal-materialın tam detallı texniki spesifikasiyası hazırlanaq SAP ERP sisteminə daxil edilmişdir. Bu isə, sifariş zamanı insan səhvi faktorunun aradan qaldırılmasına, daha dəqiq və çevik sifarişlərin formalaşdırılaraq, gəmilərin və istehsalatın ehtiyat hissələri və mal-materiallar üzrə tələbatının zamanında və daha səmərəli qarşılanmasına imkan verir.