Qazaxıstan taxıl terminalındakı payını satmağı planlaşdırır

232

İyul ayında Qazaxıstan hökuməti Aktau limanındakı taxıl terminalının operatoru “Aktau Dəniz Şimal Terminalı”nı (AMST) prioritet qaydada özəlləşdiriləcək müəssisələrin siyahısına daxil edib.

“Seanews.az” “korabel.ru”-ya istinadən xəbər verir ki, sənəd Qazaxıstan Respublikası Baş Nazirinin saytında dərc edilib.

Terminalın tikintisi quru yüklərin aşırılması imkanlarını artırmaq üçün Aktau limanının şimal istiqamətində genişləndirilməsi layihəsinin bir hissəsi idi. İldə 1,5 milyon ton tutumlu taxıl anbarının, 1 milyon ton yük ötürmək qabiliyyətinə malik konteyner meydançasının, qoruyucu qurğuların tikintisi və dənizin dibinin dərinləşdirilməsi xərcləri nəzərə alınmaqla taxıl, konteyner və ümumi yüklərin aşırılması üçün üç yanalma körpüsünün tikintisinə sərmayələr 38 milyard tenge dəyərində qiymətləndirilirdi.

“Kursiv” nəşrinin məlumatına görə, AMST-nin imkanları ildə 1,5 milyon tona qədər taxıl və eyni həcmdə ümumi yükün aşırılmasına imkan verir ki, onlar daha sonra əsasən İran, Rusiya və Azərbaycan limanlarına göndərilir.

Aktau limanının yeganə səhmdarı “Samruk-Kazyna” Milli Rifah Fondudur, 2013-cü ilin noyabr ayından limanın səhmləri Qazaxıstan Dəmir Yolunun etibarlı idarəçiliyindədir.

Aktau limanında aşırılan əsas yüklər neft və taxıldır: 2021-ci ildə Qazaxıstanın əsas dəniz limanının ümumi yük dövriyyəsinin 62,7%-ni neft təşkil edib.

2023-cü ildə respublika Rusiyadan yan keçərək neft ixrac etmək üçün limandan fəal şəkildə istifadə edir və boru kəməri inhisarçısı “KazTransOil” Aktau vasitəsilə ildə 6,2 milyon tona qədər Qazaxıstan neftinin ixracının texniki cəhətdən mümkün olduğunu iddia edir.