Taxıl İxracatçıları İttifaqı: Derince limanındakı partlayış Türkiyəyə rus taxılının ixracına, eləcə də ölkənin ərzaq təhlükəsizliyinə təsir göstərməyəcək

233

Türkiyənin Kocaeli şəhərində yerləşən Derince limanında ötən gün baş verən partlayış Türkiyəyə rus taxılının ixracına, eləcə də ölkənin ərzaq təhlükəsizliyinə təsir göstərməyəcək.

Trend xəbər verir ki, bunu Taxıl İxracatçıları İttifaqının İdarə Heyətinin sədri Eduard Zernin “İnterfaks” agentliyinə deyib.

“Əlbəttə ki, istənilən qəza faciədir. Lakin qısaca desək, bu, Türkiyəyə rus taxılının tədarükünə təsir göstərməyəcək. Çətin ki, bu hadisə Türkiyənin ərzaq təhlükəsizliyinə, buğda və digər dənli bitkilərlə təmin olunmasına da təsir göstərsin”, – E.Zernin bildirib.

Onun sözlərinə görə, Türkiyə Taxıl Şurası taxıl terminalları və elevatorlarının olduqca şaxələndirilmiş şəbəkəsinə malikdir.

“Bundan başqa, ölkədə kifayət qədər özəl terminal və dəyirmanlar var ki, zərurət olarsa, mühüm həcmdə unu daxili istehlaka yönəldə bilərlər”, – deyə, o əlavə edib.

Qeyd edək ki, dünən Türkiyənin Kocaeli şəhərindəki Derince limanının taxıl anbarında partlayış baş verib. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb.