WSJ: “ABŞ Rusiyanın iştirakı olmadan Ukraynadan taxıl ixrac etmək planı hazırlayır”

274

ABŞ “Taxıl sazişi”nin uğursuzluğundan sonra Ukraynadan taxıl ixracını təmin etmək üçün müxtəlif variantları, o cümlədən gəmiləri qorumaq üçün hərbi yolu nəzərdən keçirir.

Bu barədə “The Wall Street Journal” öz mənbələrinə istinadla xəbər verib.

Materialda bildirilir ki, ABŞ Türkiyə, Ukrayna və onun qonşuları ilə Ukrayna taxılının ixracı üçün alternativ marşrutların genişləndirilməsini müzakirə edir. Vaşinqtonun dəstəklədiyi plan Ukraynanın oktyabr ayına qədər Dunay vasitəsilə ayda dörd milyon ton taxıl ixrac edə bilməsini nəzərdə tutur. Taxılın əhəmiyyətli bir hissəsi çay, sonra Qara dəniz vasitəsilə yaxınlıqdakı Rumıniya limanlarına göndəriləcək, sonra isə digər istiqamətlərə daşınacaq.

O da vurğulanır ki, bu marşrut daha yavaş və daha bahalı olsa da, Qara dəniz dəhlizinə alternativ ola bilər.

“Vaşinqton rəsmisi bildirib ki, Birləşmiş Ştatlar Dunaydakı Ukrayna limanlarına gedən və çıxan gəmiləri qorumaq üçün hərbi həll yolları da daxil olmaqla bütün potensial variantları nəzərdən keçirir. Lakin bu variantları açıqlamaqdan və ya hansı ölkələrin iştirak edəcəyini söyləməkdən imtina edib”, – deyə  məqalədə qeyd edilib.

Ukrayna taxılı əvvəllər “Taxıl sazişi” çərçivəsində Qara dəniz limanlarından ixrac edilirdi, lakin iyulun 17-də Rusiya iştirakla bağlı razılaşdığı şərtlərin yerinə yetirilmədiyini əsas gətirərək, müqaviləni yeniləməyəcəyini açıqlayıb.