Türkiyə limanlarının yük dövriyyəsi azalıb

254

2023-cü ilin yanvar-iyul aylarında Türkiyə limanlarının yük dövriyyəsi 304,8 milyon ton təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,6% azdır.

Ölkənin Nəqliyyat və İnfrastruktur Nazirliyi yanında Dənizçilik Baş İdarəsinin hesabatında belə deyilir.

İyulda Türkiyə limanlarında 43,9 milyon ton yük aşırılıb ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 4,9% azdır.

2023-cü ilin iyul ayında Kocaeli (6,92 milyon ton), Əliağa (6,55 milyon ton), İskenderun (5,77 milyon ton), Tekirdağ (4,22 milyon ton), Ceyhan (3,94 milyon ton) və Mersin (3,73 milyon ton) limanlarında daha çox yük aşırılıb. Türkiyənin on ən böyük limanı ümumilikdə 36,8 milyon ton yük aşırıb ki, bu da ümumi həcmin 83,9%-ni təşkil edir.

İyul ayında Türkiyə limanlarından daha çox Portland sementi (968 min ton), digər sement növləri (462,7 min ton), alüminium filizi (boksit) və konsentratlar (423,9 min ton), dizel yanacağı (353,8 min ton) ixrac edilib.

İyulda Türkiyənin ixracatının əsas istiqamətləri ABŞ (1,1 milyon ton), İtaliya (967 min ton) və İsrail (790 min ton) olub.

İdxalda neft (2,7 milyon ton), kömür (1,9 milyon ton), metal qırıntıları (1,74 milyon ton), dizel yanacağı (1,63 milyon ton), koks (1,17 milyon ton) üstünlük təşkil edib. Koks, kömür, neft və dizel kimi yüklər üzrə Türkiyənin əsas tədarükçüsü Rusiya iyulda 8,68 milyon tonla ixracatçılar arasında birinci olub. Sonrakı yerləri ABŞ (1,46 milyon ton) və Misir (1,08 milyon ton) tutur.

“Seanews.az”