Xaricdə təhsil alanların diplomları bu formada tanınacaq

2081
?

Ekspert: “Diplomların tanınmamasının əsl səbəbi başqadır…”

Xarici diplomların tanınması qaydaları təsdiqlənib. Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov bildirib ki, yeni qaydalarda əsas məqamlardan biri də xaricdə ali təhsil üzrə ixtisasların tanınmasında iki formanın müəyyənləşməsidir. Onlardan biri akademik, digəri isə peşə tanınmasıdır. Xarici diplom sahiblərinə Azərbaycanda işləmək və təhsilini davam etdirmək hüququ verilib.

Tanınma üzrə ümumi tələblər sırasında müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması da yer alıb.

Yeni qaydalar  prosesin daha şəffaf şəkildə həyata keçirilməsinə şərait yaradacaq.

Məlum olduğu kimi, hər il Azərbaycandan yüzlərlə gənc təhsil almaq üçün xarici ölkəyə üz tutur. Lakin bəzi hallarda məyusluqla qarşılaşırlar. Belə ki, illərlə təhsil haqqı ödəyib, imtahanlarda iştirak edib, diplom əldə edir, ölkəyə dönəndə isə diplomlarının tanınmaması problemi ilə üzləşirlər.

Bir neçə gün öncə məlum oldu ki, xaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı ötən iyul ayı üzrə 1134 müraciətçinin 874-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 260 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 234, dövlət nümunəli olmayan diplom səbəbi ilə 7, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbi ilə 7 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiya Federasiyasından 429, Ukraynadan 385, Gürcüstandan 118, Türkiyə Respublikasından 111, Birləşmiş Krallıqdan 19, digər ölkələrdən isə 72 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, maliyyə üzrə 134, iqtisadiyyat üzrə 131, tibb üzrə 119, menecment üzrə 90, biznesin idarə edilməsi üzrə 54 müraciətçi qeydə alınıb.

Qeyd edək ki, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması həmin dövlətlərin səlahiyyətli orqanlarının verdiyi, ali təhsil proqramının uğurla bitirilməsini təsdiqləyən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan ərazisində qüvvədə olmasının təsdiqidir. Azərbaycan ərazisində xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və təsdiqinin müəyyən edilməsi (nostrifikasiyası) Lissabon Konvensiyası və Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli müvafiq qərarı ilə tənzimlənir. Xarici diplomların tanınması proseduru isə Elm və Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən həyata keçirilir.

Bəs xarici diplomların tanınması qaydaları hansı yenilikləri gətirəcək?

Mövzu ilə bağlı təhsil eksperti İlham Əhmədov “Yeni Müsavat”a danışıb.

Niyə bizim distant təhsil keyfiyyətsizdir?- dosent İlham Əhmədov, təhsil  eksperti » Aztehsil.com

Ekspert qeyd edib ki, xarici diplomların ölkədə tanınması proseduru təxminən hər hansı sənədin surətinin notariusda təsdiq kimi bir proses olmalıdır:

“Əvvəla bildirim ki, bu gün diplomun heç bir mənası yoxdur. Bir çox ölkələrdə özəl sektorda işə qəbulda heç diplomun mövcudluğu ilə maraqlanmırlar, işi bilirsənsə, səriştən varsa, buyur işlə, səriştən yoxdursa, 5 diplom gətirsən də xeyri yoxdur. Bu cür diplom xəstəliyi yalnız bizdədir, məmurlar da bundan sui istifadə edirlər.

Digər məsələ, Azərbaycanın bir çox ölkələrlə diplomların tanınması ilə bağlı qarşılıqlı müqaviləsi var, o cümlədən Rusiya, Türkiyə, MDB-nin bir çox ölkələri ilə. Diplomlar həmin ölkələrin təhsil nazirliyi tərəfindən təsdiq və nostrifikasiya edilib. Biz indi xarici universitetlərin məzunlarını yenidən ölkəmizdə imtahan edib, ”süründürməçilik” edib, müsahibələr edib, çaşdırıcı suallar veririksə, (məsələn hansı fənnləri keçmisən, müəllimlərin kim olub, universitetiniz hansı prospektdə yerləşirdi, hansı avtobusla gedib-gəlirdin, tələbə yoldaşlarından kimlərin adını deyə bilərsən və s.) və ya yenidən rəsmi imtahan ediriksə bu, həmin dövlətlərin təhsil nazirliyinə, universitetlərinə etimadsızlıq deməkdir. Əgər xarici ölkələrin təhsil nazirliyinin keyfiyyətindən narahatıqsa, deyə bilərəm ki, həmin universitetlərin məzunlarının çoxu, bizim yerli ATM-nin məzunlarından daha səviyyəlidir. Çünki bizim universitetlərin məzunları keyfiyyətli olsaydılar, bu qədər sertifikatlaşmaya, diaqnostik qiymətləndirmələrə, işə qəbul imtahanlarına, dövlət qulluğuna qəbulu imtahanlarına ehtiyac olmazdı. Qeyd edim ki, bu imtahanların nəticələri məzunların savadı baxımdan 15 ildir ki, ortalığapis mənzərə qoyur. Belə ki, bu imtahanların böyük əksəriyyətində aşağı nəticələr əldə edilir. Bir yandan deyirlər ki, saxta diplomlu müəllim əgər bir neçə il məktəbdə işləyibsə, sertifikatlaşmadan keçibsə, biz onun saxta diplomunu tanıyırıq, məktəbdə işini davam etdirsin, bir yandan da əlində əsl diplomu olan şəxs gəlir, amma onun diplomu tanınmırıq ki, o da müəllimlərin işə qəbulu imtahanında iştirak edə bilsin. Siz beləsini də imtahana buraxın, bəlkə ball yığacaq? Bu şəxs yenidən bir çox prosesləri keçməli olur, sonradan məsələ məhkəmələrə qədər gedib çıxır, məhkəmələr də çox zaman nazirliyin istəyinə uyğun qərar qəbul edir və sairə. Əgər məhkəmə şəxsin xeyrinə qərar çıxarırsa belə, nazirlik yenə də onu get-gələ salır.Bütün bunlarda əsas məqsəd budur ki, gənclər xarici universitetləri deyil, yerli universitetləri seçsin. Kimin arzusu xarici universitetdə oxumaqdırsa, qoyun gedib oxusun, ən azından getdiyi ölkənin dilini bilər, dünyagörüşü artar. Süni yollarla maneə yaratmaq, insanları narazı salmaq doğru deyil. Qanun var, bütün dünyada diplom tanıma prosesi eynidir: həmən ATM öz ölkəsinin qanuni lisenziyasına malik olmalıdır, tələbə bu ATM-nə qəbul prosedurunu keçib oxuyub, diplom almalıdır, həmən diplom o ölkənin nostrifikasiyasından keçməlidir. Sonra isə qayıdıb öz vətənində və ya dünyanın istənilən ölkəsində işləmək hüququ olmalıdır. İndi belə vəziyyət yaranır ki, Rusiyanın və ya Ukraynanın ATM-nin məzunu olan azərbaycan vətəndaşının əlindəki xarici diplom dünyanın istənilən yerində qəbul edilir, bu diplomla o işləyə bilər, (təbii ki, müsahibədən keçərsə), amma öz vətənində yox? Əgər bizim xarici ölkələrin diplomlarını tanımağımızla bağlı müqaviləmiz varsa, indi diplomları tanımamaq nə deməkdir? Bizim universitetləri bitirib, öz ölkəsinə qayıdan xarici vətəndaşlar, məzunlar bu cür problemlə qarşılaşmır. Bəs biz niyə bunu edirik?

Bu problemlərin çox asan və sivil həlli var. Kim xaricdə oxumaq istəyirsə, həmən universitetin distant təhsil bölməsində onlayn oxusun, Bakını tərk etməyə ehtiyac da olmasın. Daha uzuc, daha təhlükəsiz, daha keyfiyyətli. Biz 20 ildir bunu TN-ə sübut edə bilmirik. Hansısa korporativ maraqlar, bu sivil texnologiyanın ölkəmizə gəlməsinə ciddi mane olur. 4 nazir dəyişdi, amma bu məsələyə yanaşmada heç nə dəyişmədi. Distant təhsilin mahiyyətini düzgün qiymətləndirə bilməyən təhsil sistemi, bu gün necə rəqabətə davamlı ola bilər ? Tanınmayan diplomların da böyük qismi məhz distant təhsil alan məzunlara aiddir. 21-ci əsrdə yaşayıb, keçən əsrin 50-ci illərinin yanaşması ilə insan kapitalı yarada bilmərik.

Bütün bunları etməkdə məqsəd yerli universitetlərə daha çox tələbə cəlb etməkdir. Bu üsula əl atmaqdasa, yerli universitetlərin keyfiyyətini, rəqabətqabiliyyətliyini artırmaq lazımdır”.

Xalidə GƏRAY,“Yeni Müsavat”