Azərbaycanda “Xəzəri qoruyaq” şüarı ilə genişmiqyaslı ekoloji aksiya keçiriləcək

282

Beynəlxalq Sahilyanı Təmizlik Günü ilə əlaqədar ənənəvi olaraq hər il “Xəzəri qoruyaq!” şüarı altında keçirilən irimiqyaslı təmizlik aksiyası sentyabrın 16-da baş tutacaq.

Bu barədə “Report”a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, Xəzər hövzəsində keçirilən bu irimiqyaslı aksiyaya ildən-ilə maraq artır. Bu il də bir çox şirkətlər və ictimai təşkilatlar, eyni zamanda 1000-ə yaxın könüllü aksiyaya qoşulub.

“Xəzəri qoruyaq!” aksiyası ötən ildən başlayaraq təkcə Abşeron yarımadasında deyil, Xəzərsahili bölgələrdə – Xaçmaz, Şabran, Siyəzən, Sumqayıt, Neftçala, Lənkəran və Astarada da keçirilir. Təmizlik aksiyasının keçirilməsində məqsəd ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin bu sahədə maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini təbliğ etməkdir.

Son 30 il müddətində dünyanın 100-dən çox ölkəsində qeyd olunan Beynəlxalq Sahilyanı Təmizlik Günü Yer kürəsində su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı könüllü hərəkatıdır. Azərbaycan da bu beynəlxalq ekoloji aksiyada “Xəzəri qoruyaq” şüarı ilə artıq 10 ildən çoxdur ki, iştirak edir və ildən-ilə aksiyanın miqyası genişlənir. Aksiyalar zamanı toplanan tullantıların miqdarı barədə məlumatlar “Ocean Conservancy” beynəlxalq təşkilatına göndərilir. Həmin məlumatlar isə öz növbəsində dünya su hövzələrinin təmizlənməsi haqqında ölkələr üzrə beynəlxalq hesabatlarda əks olunur.