Veteran dənizçi Rafiq Xankişiyev vəfat edib

572

Uzun illər “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasında müxtəlif vəzifələrdə çalışmış Rafiq Xankişiyev vəfat edib. 

Rafiq Xankişiyev 1947-ci ilin yanvarın 5-də Salyan rayonu Yenikənd kəndində doğulub. 1954-cü ildə Yenikənd orta məktəbinin birinci sinifinə gedib. 1963-cü ildə təhsilini tamamlamaq üçün Bakı Dənizçilik Məktəbinə daxil olub. 1964-cü ildə həmin məktəbi matros kimi bitirib.

O, əmək fəaliyyətinə 1964-cü ildə Xəzər Dəniz Gəmiçiliyi İdarəsinə məxsus “İrtış” gəmisində 1-ci dərəcəli matros kimi başlayıb. 1966-cı ildə səhhəti ilə əlaqədar dənizdə işləməyinə məhdudiyyət qoyulub.

Rafiq Xankişiyev 1967-1969-cu illərdə Balıq Sənayesi Texnikumunda “mühasibat uçotu” ixtisası üzrə təhsil alıb, Xəzər Dəniz Ticarət İdarəsində mühasib kimi işləməyə başlayıb. 1972-ci ildə “XXI Partiya Qurultayı” adına Gəmi Təmiri Zavodunda mühasib olaraq çalışıb.

O, təhsilini davam etdirmək məqsədilə 1978-ci ildə Odessa Dəniz Mühəndisləri İnstitutunun “Mühəndis mexanika” fakültəsinə qəbul olub, 1984-cü ildə buradakı təhsilini müvəffəqiyyətlə başa vurub. Təhsil aldığı müddətdə həm də “XXI Partiya Qurultayı” adına Gəmi Təmiri Zavodunda mühəndis-texnoloq kimi işləyib.

1988-ci ildə Xəzər Dəniz Neft Donanmasında Donanmanın Texniki İstismar Departamentində mühəndis-kalkulyator vəzifəsinə təyin olunub.

Rafiq Xankişiyev 2009-cu ildə təqaüdə çıxmışdı.

ASCO rəhbərliyi və kollektivi adından Rafiq Xankişiyevin vəfatından kədərləndiyimizi bildirir, ailəsinə və yaxınlarına başsağlığı veririk.

Allah rəhmət eləsin!