Çində inşa edilən nəhəng konteyner gəmisi istismara verilib

229

Çində inşa edilən ən böyük konteyner gəmisi “MSC Giusy” Tyanzin bələdiyyəsində istismara verilib.

“Seanews.az” xəbər verir ki, gəmi 2021-ci ilin sonunda fəaliyyətə başlayan Çin Dövlət Gəmiqayırma Korporasiyasının (“China State Shipbuilding Corporation”) törəmə müəssisəsi olan “Dalyan” Gəmiqayırma Korporasiyasının Tyanzin bazasında (“Tianjin Base of the Dalian Shipbuilding”) inşa edilən ilk konteyner gəmisidir.

Tutumu 16,5 min TEU-dan çox olan konteynerdaşıyanın uzunluğu 366 metrdən, eni 51 metrdən, hündürlüyü 30,2 metrdən çoxdur.

Layihə menecerinin sözlərinə görə, suyaoturumu 14,5 metr olan “MSC Giusy” gəmisi “Dalyan” Gəmiqayırma Zavodunun Tyanzin bazasında inşa edilən ən böyük “Panamax” konteynerdaşıyanıdır. Son ekoloji və karbon emissiyası standartlarına cavab verir.

Gəmi əsasən Çin və ABŞ arasındakı marşrutlarda istifadə olunacaq və aşağı temperaturda saxlama tələb edən ərzaq, kənd təsərrüfatı və əczaçılıq məhsullarını daşıya biləcək.

Çinin şimalında yerləşən böyük gəmiqayırma bazasına malik Tyanzində əsasən iri neft tankerləri, konteyner gəmiləri və yükdaşıyanlar tikilir. Hazırda bazada ümumi dəyəri 19 milyard yuan (2,6 milyard dollar) olan gəmilər üçün 20 sifariş var.

“Biz transformasiya və modernləşdirməni 2025-ci ilə qədər başa çatdırmağı planlaşdırırıq. O vaxta qədər bir ildə tikilən gəmilərin dedveyti 2,3 milyon tona çatdırılacaq”, – deyə bazanın baş direktorunun müavini bildirib.