Qara dənizdə Azərbaycanın yeni ticarət limanları olacaq

294

Qara dənizdə Azərbaycanın yeni ticarət limanları olacaq – Əliyev bunu da dedisə…

Fuad İbrahimov: “Kulevi limanının genişləndirilməsi Azərbaycanın iqtisadi maraqlarına xidmət edir”

O ki qaldı gələcək planlarımıza, burada da əməkdaşlığın dərinləşməsinə hesablanmış gündəlik var. Biz Gürcüstanın yeni infrastruktur layihələrinin yaranmasında böyük məmnuniyyətlə iştirak edə bilərik.

Bu fikri Prezident İlham Əliyev oktyabrın 8-də Tiflisdə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuata bəyanatında deyib.

Gürcüstanın Baş naziri ilə görüşdə Anakliya limanının inşası ilə bağlı fikir mübadiləsinin aparıldığını vurğulayan dövlət başçısı qeyd edib ki, Qara dənizdə limanın imkanları genişləndiriləcək: “Bildiyiniz kimi, Azərbaycanın Gürcüstanın Qara dəniz sahilində Kulevi limanı var, o limanın genişləndirilməsi, əlbəttə ki, əməkdaşlığımızı daha da gücləndirəcək. Təbii ki, Bakı-Tiflis-Qars dəmir yolunun aşırma qabiliyyətinin 5 dəfədən çox artırılması və yaxın gələcəkdə fəaliyyətə başlaması, əlbəttə ki, Orta Dəhlizin güclənməsinə xidmət göstərəcək”.

“Orta dəhliz”in önəmi artır, qarşıdakı illərdə bu limanların imkanlarından istifadə olunmasına tələbat daha da artacaq”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən iqtisadçı-ekspert Fuad İbrahimov hesab edir ki, Qara Dənizdə Azərbaycana məxsus limanın olması çox önəmli iqtisadi əhəmiyyət kəsb edir: “Məsələ ondadır ki, Gürcüstanın açıq dənizə çıxışı var. Bu da imkan verir ki, bir sıra dünya ölkələri ilə daha sərfəli ticarət əlaqələri quraq. Çünki gəmi ilə yüklərin daşınması daha ucuz başa gəlir. Bu da öz növbəsində məhsulun maya dəyərinə müsbət təsir edir. Ona görə də Kulevi limanının genişləndirilməsi Azərbaycanın iqtisadi maraqlarına xidmət edir. Bu o deməkdir ki, ölkəmiz xarici siyasətini, iqtisadi əlaqələrini divertifikasiya edir. Yəni sığortalanmış formatda həyata keçirir. Bu gün Azərbaycanın bir ölkədən asılılığı yoxdur. Gürcüstanda dəniz limanlarımızın olması bizə imkan verəcək ki, dünyanın müxtəlif yerlərinə ticarət yüklərinin daşınmasını təmin edək. Həm Azərbaycana, həm də digər ölkələrə məxsus yüklərin daşınması mümkün olacaq. Nəzərə alsaq ki, “Orta dəhliz”in önəmi artır, qarşıdakı illərdə bu limanların imkanlarından istifadə olunmasına tələbat daha da artacaq. Onsuz da Ukrayna müharibəsindən sonra Azərbaycan üzərindən daşımaların artması müşahidə olunur. Nəzərə alsaq ki, müharibənin nə vaxt bitəcəyi bəlli deyil, müharibə qurtarsa belə, Rusiyaya tətbiq olunan sanksiyalar hələm-hələm ləğv edilməyəcək, o zaman Azərbaycanın önəmi daha da yüksələcək. Çindən, Mərkəzi Asiya ölkələrindən gələn yüklər Kulevidə Azərbaycana məxsus gəmilərlə dünyanın müxtəlif yerlərinə daşınacaq. Kulevi limanının genişləndirilməsi məhz bu kimi hədəflərə hesablanıb. O üzdən, Qara dənizdə Azərbaycana məxsus limanın olması çox önəmli əhəmiyyət kəsb edir. Azərbaycan bu infrastruktur vasitəsilə özünü əvəzolunmaz partnyora çevirir. Azərbaycanın xarici iqtisadi siyasəti, onun  əvəzolunmaz partnyorluğunu nümayiş etdirən faktlar da göz qabağındadır. Bu gün biz iki qitəni birləşdiririk. Biz enerji daşıyıcıları dəhlizlərini icra mexanizmi ilə tənzimləyirik. Ona görə də belə limanların əhəmiyyəti əvəzolunmazdır”.

Vidadi ORDAHALLI

https://www.baki-xeber.com/