Neft Daşları: sınıq-salxaq məişət texnikaları və ya yeni alınan “plazma televizorları”… – Fəhlələr niyə və nədən narazıdır? 

915

“Neft Daşlarına işçilərin yataqxanası üçün nəzərdə tutulan məişət texnikası, “plazma televizorları” gəlib. Amma məhdud sayda. Bəribaşdan deyirəm: bilirik, bilirik ki, say məsələsi idarə rəhbərliyinə aid problem deyil, yuxarıdan nə veriblərsə, elə odur. Ona görə də, kimlərsə bu müraciəti onlara sataşmaq kimi qəbul etməsinlər. Problem var, problem varsa, şikayət də olmalıdır, təbii. Şikayətdən kimin xoşu gəlmirsə, cəhənnəmə gəlsin. Xoşun gəlmir, yaz ərizəni, gəl, keç fəhlə işlə, mənim kimi. Ağlın gəlsin başına. Cavabdeh şəxssənsə, deməli, sənin öhdəliyin var. Vəzifə borcun var. Elə isə ya problemi həll elə, eliyə bilmirsən, onda sakit dur qıraqda”.

Mia.az xəbər verir ki, bunu Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Mirvari Qəhrəmanlıya həmin idarənin işçilərindən biri yazıb.

Bu şikayət məktubunu sosial media hesabında paylaşan Mirvari Qəhrəmnalı aidiyyatı qurumlara səslənərək, fəhlələrin şikayətinə qulaq verməyə çağırıb.

Şikayətdə daha sonra deyilir:

“Zəhmət olmasa SOCAR-n Baş ofisi və ya “Azneft” İB rəsmiləri açıqlama versin, zəhmət olmasa. Bilək, bu televizorların hissəli şəkildə verilməsində məqsəd nədir? Gözləyirlər hardansa təzə adı ilə köhnə gələcək, yoxsa necə?!

Biz də işçiyik, bizim də Az.TV-yə baxmaq haqqımız var. Kondisionerlər xarab-xurab, 15-20 ildir ki, nə qoyulubsa, odur. Reklam şirkətlərinin xəbəri yoxdur Neft Daşlarından. Olsaydılar, gəlib canlı-canlı, sübutla şahid olardılar ki, hansı texnika həqiqətən nə qədər işləyir, dözümlüdür ya yox?

Məsələn:

1. General kondisioneri – 20 il (pir-pir səsi verərək və otağa su damaraq)

2. Nord və Dnepr soyuducusu 20 il rahat (xoda düşüb işləsə, səsindən elə bilirsən səmada vertalyot uçur)

3. Tefal çaydanı 20 il (plastik çərçivəsini “katinka” məftili ilə buraxağac vermək şərtilə)

4. Supra televizoru 25 il (ekranın 30%-i göstərmədiyi üçün qalan şəkilləri Elza xanım demişkən, qalır sənin fəlsəfənin boynuna)

5.Zil markalı avtomobili 1971-ci ildən bu vaxta qədər-52 il, hələ bundan sonra bir 50 il (həəə bu canavarı gərək öz gözünlə görəsən, tüstüsəndən əgər bir şey görə bilsən)də işləyər

Ona görə də xahiş edirik, açıqlama versinlər, biz də bilək”.

Samir Musayev

MİA.AZ