21 il əvvəl Azərbaycanın dəniz nəqliyyatı tarixində ən böyük qəzası baş vermişdi

1073

22 oktyabr 2002-ci il tarixində saat 10:30 radələrində Qazaxıstanın Aktau limanından Bakı istiqamətində üzən, Xəzər Dəniz Gəmiçiliyinə məxsus “Merkuri-2” bərəsinin Bakıdan 130 kilometrlik məsafədə qəzaya uğrayaraq batmışdı. Bərədəki 51 nəfərdən yalnız 9-nu xilas etmək mümkün olub. Dörd nəfərin isə cəsədləri aşkar edilib.

Bərənin hərəkət etdiyi və qəzaya uğradığı yerin yaxınlığındakı “Dədə Qorqud” üzən qazma qurğusunun yanında növbətçi olan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin “Xəzər Dəniz Neft Donanması” idarəsinin gəmilərinin heyət üzvləri efirdə 16-cı beynəlxalq qəza kanalında 2002-ci il oktyabrın 22-də saat 10 radələrində naməlum gəminin efirə çıxıb “kömək edin, gəmi batır”, “Merkuri-2” sözlərini eşitmiş, radarda yerini müəyyən etdikləri və onlardan təxminən 6 mil məsafədə olan bərəyə tərəf üzməyə başladıqda, saat 10:30-da dənizin üzərində qara tüstü, saat 10:32-də isə alov görmüşlər. Saat 11:14-də bərə radarda itmiş, dənizin üstündən tüstü çəkilmişdir. Hava şəraitinin pis olduğuna görə onlar yalnız saat 12:35-də bərənin batdığı yerə çatmağa 1 mil qalmış suda üzən bir neçə vaqon-sistern görmüş və sağ qalmış dörd heyət üzvünü və bir meyiti dənizdən çıxarmış, Azərbaycan Hava Yolları Dövlət Konserninin vertolyotları hadisə yerinə çatdıqdan sonra isə daha 5 nəfəri xilas edə bilmişlər.

“Dənizçilərə Sosial Dəstək” İB-nin sədr və kollektivi adından faciəvi şəkildə həlak olan dənizçilərimizə Allahdan rəhmət, ailə üzvlərinə səbr diləyirik. Dinimizdə belə bir deyim var ki, suda boğulan, ailəsi üçün ruzu dalıyca gedən şəxs hər hansısa bir səbəbdən rəhmətə gedirsə Şəhid sayılır.

Azərbaycan Respublikasının Prezidentinin

26 oktyabr 2002-ci il tarixli, 806 nömrəli fərmanına əsasən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin “Merkuri-2” bərə gəmisinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədi ilə 28 oktyabr Azərbaycan Respublikasının ərazisində matəm elan olunmuşdur.