Rusiya ilə sadələşdirilmiş gömrük dəhlizi Azərbaycana nə verə bilər? (ŞƏRH)

215

Rusiya Azərbaycan ilə sadələşdirilmiş gömrük dəhlizi yaratmaq niyyətindədir. Belə bir açıqlama ilə Rusiya Federal Gömrük Xidməti rəhbəri vəzifəsini yerinə yetirən Ruslan Davıdov çıxış edib. 

O bildirib ki, “Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq dəhlizləri sayəsində əmtəə dövriyyəsini 35 faiz artırmaq mümkün olub. Ruslan Davıdov qeyd edib ki, Azərbaycan, Çin və Monqolustan ilə gömrük nəzarətinin nəticələrinin qarşılıqlı tanınması layihəsi də reallaşdırılır.Görəsən, Rusiya ilə sadələşdirilmiş gömrük dəhlizi Azərbaycana nə verə bilər?İqtisadçı ekspert Natiq Cəfərli Valyuta.az-a açıqlamasında bildirib ki, şimal ölkəsilə sadələşdirilmiş gömrük dəhlizi Azərbaycanın aqrar sektorunda çalışan və Rusiyanı hədəf bazarı seçənlər üçün pozitiv addım olacaq: “Zaman-zaman bu məsələ gündəmə gəlib. Hətta “yaşıl koridorlar”la bağlı iki ölkənin nazirlər kabinetləri arasında bir neçə il öncə memorandum da imzalanmışdı. Amma sonradan onun yerinə yetirilməsində müəyyən problemlər çıxdı. Bu müstəvidə Rusiyadan qaynaqlanan problemlər daha çox olurdu. Azərbaycanla müəyyən məsələlərdə fikir ayrılığı olanda Moskva ölkəmizin kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracatına müəyyən əngəllər yaradır, məhdudiyyətlər qoyurdu. Zaman-zaman pomidor, alma, xurma məhsulları ilə bağlı belə məlumatların şahidi olurduq. Azərbaycanın əsas kənd təsərrüfatı ixrac bazarı Rusiyadır. Ölkəmiz uzun illərin ənənəsinə uyğun olaraq hələ də bu bazardan asılıdır. Azərbaycanın aqrar sahə məhsullarının 2/3-dən çoxu Rusiyaya ixrac olunur. Ona görə də Rusiya ilə sadələşdirilmiş kömrük dəhlizi prinsipinin tətbiqi Azərbaycan kənd təsərrüfatı məhsulları ixracatçılarına dəstək demək olacaq. İndi də onlar zaman-zaman Rusiyadan qaynaqlanan problemlərlə üzləşirlər. Bu da zaman, vəsait itkisinə səbəb olur, bəzi hallarda hətta məhsullar xarab olur. Bu mənada sözügedən anlaşma baş tutacaqsa, bu Azərbaycanın aqrar sektorunda çalışan və Rusiyanı hədəf bazarı seçənlər üçün pozitiv gəlişmə olacaq”.

https://valyuta.az/