Hövsan Limanı ötənilki yük dövriyyəsinin həcmini açıqlayıb

367

2022-ci ildə “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin 1 milyon tona yaxın yük dövriyyəsi olub.

Bunu Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Xəzər Həftəsi Forumu 2023” tədbirində “Report”un bölgəyə ezam olunmuş müxbirinə açıqlamasında Limanın baş direktoru Rəşad Daşdəmirov bildirib.

“Hövsan limanında böyük tikinti və quruculuq işləri aparılıb. Liman 9 körpüdən ibarətdir və ərazisində 4 dəmir yolu xətti var. Burada texnikalar təmir olunub və istifadəyə verilib”, – deyə o qeyd edib.

“Xəzər Həftəsi Forumu 2023” barədə danışan baş direktor qeyd edib ki, tədbirdə yükdaşımaları ilə məşğul olan, bu sahəyə maraq göstərən şirkətlərlə əməkdaşlıq imkanları müzakirə olunur: “Yüklərin cəlb edilməsi ilə bağlı danışıqlar aparırıq. Məqsədimiz Azərbaycan ərazisindən, xüsusilə Hövsan Limanından yük daşınmasını artırmaqdır. Bu istiqamətdə mütəmadi görüşlər keçiririk”.

Hövsan Limanı 1956-cı ildə balıqçılıq sahəsi üzrə istifadəyə verilib. Bir müddət bağlı qaldıqdan sonra 2019-cu ilin iyul ayından Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı kimi fəaliyyətə başlayıb. Liman həmin ilin oktyabr ayından Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun üzvüdür.