BP: “ACE platformasının tikintisi Xəzərin enerji təhlükəsizliyin təmin olunmasına töhfə verəcək”

281

Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda tikilən “Azəri-Mərkəzi Şərqi” (ACE) platformasının tikintisi layihəsi Xəzər dənizində enerji təhlükəsizliyin təmin olunmasına töhfə verəcək.

“Report”un məlumatına görə, bunu “BP-Azərbaijan” şirkətinin maliyə məsələləri üzrə vitse-prezidenti Kolin Alanbu gün Bakıda keçirilən Neft Sənayesi Mühəndisləri Cəmiyyətinin (SPE) İllik Xəzər Texniki Konfransında (SPE Annual Caspian Technical Conference) çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, hazırda bu layihə çərçivəsində işlər davam etdirilir və platformadan neftin hasilatına gələn il başlanılacağı planlaşdırılır: “6 milyard ABŞ dollarlıq ACE layihəsi Xəzər dənizində nəhəng AÇG yatağının işlənməsinin növbəti mərhələsidir. Layihəyə yeni dəniz platforması və gündəlik 100 000 barelədək hasilat gücündə digər qurğular daxildir”.

Qeyd edək ki, layihənin istismar müddəti ərzində ümumilikdə 300 milyon barelədək neft hasil olunacağı proqnozlaşdırılır.

Xatırladaq ki, “Mərkəzi-Şərqi Azəri” layihəsi üzrə yekun investisiya qərarı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi layihəsinin səhmdarları tərəfindən 19 aprel 2019-cu ildə imzalanıb. Bu layihənin məqsədi əlavə quyuları qazmaqla və əlavə dəniz obyektləri quraşdırmaqla, gündə 100 min barelə qədər neft və 350 min standart kubfut qaz təşkil edən pik hasilat həcminə nail olmaqdır.

Layihə suyun 137 metr dərinliyində Mərkəzi Azəri və Şərqi Azəri platformaları arasında yerləşdiriləcək yaşayış bloklu hasilat və qazma platformasının tikintisi; üç yeni yataqdaxili sualtı qaz, neft və suvurma boru xətti birləşmələri və əlaqədar sualtı infrastrukturun quraşdırılması; Şərqi Azəri platformasından Mərkəzi-Şərqi Azəri platformasına istiqamətlənən birləşdirilmiş sualtı enerji (ehtiyat) və telekommunikasiya kabelinin çəkilməsini nəzərdə tutur.