Qazaxıstanın tranzit potensialını əhəmiyyətli dərəcədə artıracaq layihələrin icrasına başlanılıb

204

Qazaxıstan Respublikasının dəniz limanlarının tutumunun 2030-cu ilə qədər 30 milyon tondan çox artırılması planlaşdırılır.

Bu barədə ölkə hökumətinin mətbuat xidməti məlumat yayıb. Hazırda limanların ötürmə qabiliyyəti ildə təqribən 21,2 milyon ton yük təşkil edir.

Hökumət xatırladıb ki, Sarja çoxfunksiyalı dəniz terminalının tikintisi işləri davam edir.

Bundan əlavə, bir sıra Avropa nəqliyyat və logistika şirkətlərinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) inkişafına cəlb olunması istiqamətində işlər aparılır ki, bu marşrut xətti üzrə yükdaşımaların həcmi son vaxtlar iki dəfə artıb. Və TBNM marşrutu üzrə xidmət keyfiyyətinin yüksəldilməsi üçün Qazaxıstan, Azərbaycan və Gürcüstan arasında paritet əsasda birgə müəssisənin yaradılması haqqında saziş imzalanıb.

“Qazaxıstan ərazisindən yük axınını təmin etmək üçün Çin hökuməti ilə TBNM-in inkişafına əlverişli şərait yaradacaq, əlavə tranzit və xarici ticarət yüklərinin cəlb edilməsinə dair sazişlər imzalanıb. Tərəflər həmçinin Qazaxıstan ərazisində inteqrasiya olunmuş logistik şəbəkənin yaradılması, o cümlədən Aktau limanında konteyner qovşağının tikintisinə sərmayə qoymaqla bağlı razılığa gəliblər”, – məlumatda deyilir.

Qazaxıstan Respublikasının 2030-cu ilə qədər nəqliyyat və logistika potensialının inkişafı Konsepsiyası təsdiq edilib. O, Avropadan Mərkəzi Asiya, Çin və Cənub-Şərqi Asiyaya əsas transkontinental dəhlizlərin və marşrutların modernləşdirilməsi və genişləndirilməsi üzrə tədbirləri əhatə edir. Xüsusilə, Qazaxıstanın tranzit potensialını əhəmiyyətli dərəcədə artırmalı olan bir sıra iri dəmir yolu layihələrinin icrasına başlanılıb. Ümumilikdə üç il ərzində 1,3 min km-dən çox dəmir yolu çəkiləcək. Eyni zamanda, 2030-cu ilə qədər 11 min km dəmir yolunun təmir olunması nəzərdə tutulur.

“Seanews.az”