Azərbaycan Badminton Federasiyasının ümumi yığıncağı keçirilib

714

Azərbaycan Badminton Federasiyasının ümumi yığıncağı keçirilib. Hesabat-seçki xarakterli yığıncaqda Azərbaycan Badminton Federasiyasının baş katibi Ramil Hacıyev qurumun 2023-cü ildə fəalliyətinə dair hesabatla çıxış edib. Qarşıdakı ildə görüləcək işlər və hədəflər barədə məlumat verib. Vurğulanıb ki, 2023-cü ildə beynəlxalq arenada 8-i qızıl olmaqla 30 medal qazanılıb. Ötən il bu rəqəm 20 medal təşkil edib.

Ölkəmiz bir sıra beynəlxalq badminton yarışları və Avropa Badminton Konfederasiyasının konqresinə ev sahibliyi edib. Bu idman növünün regionlarda inkişafı ilə bağlı bir sıra proqramlar həyata keçirilib. Ardınca badminton üzrə milli komandanın baş məşqçisi Morteza Validarvi idmançılarımızın beynəlxalq turnirlərdə çıxışı və 2023-2028-ci illəri əhatə edəcək 5 illik strategiya ilə bağlı fikirlərini bölüşüb.

Azərbaycan Badminton Federasiyasının marketinq departamentinin rəhbəri Aydan Məmmədhəsənova hakimlik istiqamətinin inkişafı ilə bağlı görülən işlər barədə məlumat verib. İclasda həvəskar badmintonun inkişafı ilə bağlı milli komandamızın sabiq üzvü, hazırda məşqçi kimi fəaliyyət göstərən Orxan Qələndərov təqdimatla çıxış edib.

Ardınca idarə heyətinin üzvlüyünə seçki keçirilib. Gender bərabərliyinin təmin olunması məqsədi ilə ümumi səsvermə əsasında İlahə Əmirbəyova idarə heyətində Mirzə Orucovu əvəzləyib. Mirzə Orucov isə idarə heyətinin fəxri üzvü seçilib. Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov bu idman növünün inkişafında müstəsna xidmətləri olan Mirzə müəllimə xüsusi xatirə hədiyyəsini təqdim edib.

Azərbaycan Badminton Federasiyasının prezidentinin müşaviri Çapay Məmmədov federasiyanın rəsmi saytında IT platforma, idmançıların reytinqinin hesablanması ilə bağlı sistemi təqdim edib. Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadovun sədrliyi ilə keçirilən yığıncaqda üzvlərlə açıq müzakirə təşkil edilib. İclasın yekununda çıxış edən Taleh Ziyadov iki il ərzində kifayət qədər iş görüldüyünü bildirməklə yanaşı, komitələrin fəaliyyəti ilə bağlı qeydlərini bölüşüb.

Source:https://www.facebook.com/azerbaijanbadminton