Pakistan Gəmilərin Təkrar Emalı Konvensiyasına qoşulub

128

Pakistan gəmilərin təhlükəsiz və ekoloji cəhətdən təmiz təkrar emalı üzrə Honkonq Beynəlxalq Konvensiyasına qoşulub.

“Seanews.az” xəbər verir ki, bu barədə Beynəlxalq Dəniz Təşkilatı (IMO) məlumat yayıb.

Hələ 2009-cu ildə qəbul edilmiş Honkonq Konvensiyası 26 iyun 2025-ci ildə qüvvəyə minəcək. Sənəd istismar müddəti başa çatdıqdan sonra utilizasiyaya ediləsi gəmilərin insan sağlamlığı və ətraf mühitin təhlükəsizliyi üçün risk yaratmamasını təmin etmək məqsədi daşıyır.

Konvensiya gəmi sahibləri, gəmiqayırma zavodları, təkrar emal şirkətləri, bayraq və liman dövlətləri də daxil olmaqla, bütün maraqlı tərəflərin üzərinə məsuliyyət və öhdəliklər qoyur. Belə ki, sənəd qüvvəyə mindikdən sonra utilizasiyaya ediləsi gəmilərdən təhlükəli materialların siyahısı tələb olunacaq. Emal müəssisələri hər bir fərdi gəmi üçün hazırlanmış İş Planını təqdim etməlidirlər. Bundan əlavə, imzalayan ölkələrin hökumətləri gəmilərin təkrar emalı müəssisələrinin Konvensiyanın tələblərinə uyğun olmasını təmin etməlidirlər.

Hazırda Honkonq Konvensiyasına Banqladeş, Belçika, Konqo Respublikası, Xorvatiya, Danimarka, Estoniya, Fransa, Almaniya, Qana, Hindistan, Yaponiya, Liberiya, Lüksemburq, Malta, Niderland Krallığı, Norveç, Pakistan, Panama, Portuqaliya, San-Tome və Prinsipi, Serbiya, İspaniya və Türkiyə qoşulmuşdur.