Niderlandın Baş naziri Rutte Oman hökuməti ilə hidrogen istehsalı sahəsində əməkdaşlığa dair niyyət bəyannaməsi imzalayıb.
“Seanews.az”ın məlumatına görə, imzalanma mərasimi Misirdə keçirilən iqlim sammiti (“COP27”) çərçivəsində baş tutub.
Müqavilənin məqsədi istehsalında yalnız bərpa olunan mənbələrdən alınan elektrik enerjisindən istifadə edəcək “yaşıl” hidrogenin idxalı və ixracı üzrə müəssisə yaratmaqdır. Bu, Niderlanda öz hüdudlarından kənara enerji keçidini sürətləndirmək üzərində işləməyə imkan verəcək, eyni zamanda Niderlandın sənaye və nəqliyyat sektorunu ekoloji cəhətdən daha davamlı etmək üçün istehsal edilən yaşıl hidrogenin bir hissəsini idxal etmək imkanları yaradacaq.
Rotterdam limanının Omanla əməkdaşlığı təzə deyil. Təxminən 20 ildir ki, Omanın şimalındakı Sohar limanını inkişaf etdirmək və istismar etmək üçün bu ölkənin hökuməti ilə birgə müəssisə yaratmışdır. Rotterdam limanı bərpa olunan enerjinin aşağı qiymətə istehsal və Şimali Qərbi Avropaya ixrac oluna bildiyi ölkələrdən hidrogen idxalı zəncirləri qurur. Bunlar, əsasən, Oman kimi bərpa olunan enerji mənbələrinin (günəş və külək) istehsalı üçün kifayət qədər boş yerə malik ölkələrdir.