Qırmızı dənizdəki böhran Avropada məişət kimyası istehsalına zərbə vurur

168

Qırmızı dənizdəki böhran məişət kimyası istehsalı üçün lazım olan xammalın Avropaya çatdırılmasında problemlər yaradıb.

FED.az xəbər verir ki, bu barədə Avstriyanın paytaxtı Vyanada dərc olunan alman dilində gündəlik “Die Presse” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, “Dechem” artıq tualet təmizləyiciləri və qabyuyan maşın kapsullarında istifadə olunan limon və sulfamik turşuların çatışmazlığı səbəbindən istehsalı azaltmaq məcburiyyətində qalıb. Kimya şirkəti Henkel, “digər qlobal istehsalçılar kimi” nəqliyyat xərcləri və çatdırılma müddətlərində artımla üzləşdiyini bildirib.

Polietilen və polipropilen istehsalçısı “Borealis” nəşrə bildirib ki, xammal çatışmazlığı onlara təsir etməyib, lakin Asiya ölkələrinə məhsulların tədarükü ilə bağlı problemlər var. Şirkət qeyd edib ki, marşrutun dəyişdirilməsi ilə bağlı əlavə xərclər təyinat bölgəsindəki müştərilər tərəfindən ödəniləcək.

Qırmızı dənizdəki vəziyyətin pisləşməsi ilə əlaqədar bir çox şirkət Süveyş kanalı vasitəsilə Avropaya gedəcək gəmiləri Cənubi Afrikanın cənubundakı Ümid burnu vasitəsilə yönləndirməyə qərar verib. Lakin bu marşrut 10-14 gün daha uzun çəkir ki, bu da xərcləri artırır. Nəticədə Avropada bəzi şirkətlər vaxtında çatdırılmayan komponentlərin çatışmazlığı ilə üzləşirlər. Xüsusilə, avtomobil istehsalçısı Tesla yanvarın 29-dan Berlin yaxınlığındakı zavodun əksər sexlərinin işini iki həftə müddətinə dayandıracaq. (Marja)