Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasında görüş keçirilib

276

Fevralın 27-də Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının məqsədləri, fəaliyyət planı və üzvlük qaydaları haqqında infosessiya və assosiasiyasının illik ümumi yığıncağı mahiyyətində görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən assosiasiyanın sədri Orxan Xəlilzadə 2023-cü ildə təsis edilmiş assosiasiyanın 2023-cü il noyabrın 30-da “Gülüstan” sarayında təşkil etdiyi və böyük marağa səbəb olan Sənaye Təhlükəsizliyi Zirvəsi (STZ 2023) ilə əlaqədar zirvədə iştirak edən, eləcə də dəstək verən şirkət və ekspertlərə bir daha minnətdarlığını bildirib. Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının (AISA) əsas fəaliyyət məqsədlərinin təhlükəsizlik mədəniyyətini daha geniş yaymaq, peşəkar inkişaf və şəbəkələşmə imkanları yaratmaq və faydalı bir əməkdaşlıq platformasına çevrilmək olduğunu qeyd edən AISA sədri, bunun üçün müxtəlif tədbirlərin, konfrans və seminarların təşkil edilməsinin, dövlət və özəl sektor, eləcə də beynəlxalq qurumların nümayəndələrini bir araya gətirən B2G görüşlərin keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb.

Orxan Xəlilzadə assosiasiyanın 2024-cü il fəaliyyət planında “Tikinti Təhlükəsizliyi Zirvəsi”, “Sənaye Təhlükəsizliyi Zirvəsi (STZ 2024)” və radiasiya təhlükəsizliyi üzrə beynəlxalq forum, beynəlxalq SƏTƏM günü ilə bağlı aprel ayında təşkil ediləcək B2G görüş kimi tədbirlərin nəzərdə tutulduğu barədə məlumat verib və eyni zamanda, dövlət, özəl sektor, beynəlxalq əməkdaşlıqlarla bağlı bir sıra addımların atıldığını bildirib. Bununla yanaşı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər tədbirin Azərbaycanda keçirilməsinin önəmi vurğulanıb, AISA-nın tədbirin təşkilatçılığında da mümkün töhfələrin verilməsinə hazır olduğu qeyd edilib.

Tədbirdə bildirilib ki, assosiasiyanın fəaliyyətinin təşkili üçün müvafiq sahələrdə fəaliyyət göstərən üzvlərdən ibarət 5 komitə təsis edilib. Sədr və üzvlərdən ibarət olacaq bu komitələrdə hər biri öz sahələrindəki problemləri müzakirə edəcək, eləcə də dövlət qurumlarına problemlərin və boşluqların həlli istiqamətində təkliflər, həll yolları verəcəklər. Görüşdə yeni komitə sədrləri ictimaiyyətə təqdim olunmuş və assosiasiyaya üzvlük qaydaları və aisa.az saytı üzərindən üzvlüyə müraciət prosesi haqqında məlumat paylaşılıb. Öz növbəsində, komitə sədrləri də assosiasiyanın fəaliyyətini yüksək qiymətləndirib və fəaliyyətində uğurlar arzulayıb.

İnfosessiyanın sonunda tədbir iştirakçılarının sualları idarə heyəti tərəfindən cavablandırılıb və fəaliyyət planında nəzərdə tutulan tədbirlər haqqında əlavə məlumat verilib.