Anaklia limanının dəniz infrastrukturunun tikintisi üçün beynəlxalq tender elan edilib

250

Dünya Bankının satınalma prosedurlarına əsasən, Gürcüstanın Anaklia limanının dəniz infrastrukturunun layihələndirilməsi və tikintisi üçün beynəlxalq tender elan edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb.

Bildirilir ki, tender sənədləri “Böyük Dördlük” adlanan şirkətlərə – Boskalis, DEME, Jan De Nul, Van Oord şirkətlərinə göndərilib.

Qeyd olunub ki, Anaklia limanının dənizdəki fəaliyyətinin böyük hissəsi dibdərinləşdirmə işləri ilə bağlıdır və bu şirkətlər dünya dibdərinləşdirmə donanmasının 80 faizinə sahibdirlər.

Nazirliyin məlumatında deyilir ki, Avropa şirkətlərinə (“Böyük Dördlük”) işlərin satın alınması üçün tender sənədlərinin göndərilməsinin məqsədəuyğunluğu HAEDES B.V. beynəlxalq konsaltinq şirkəti ilə məsləhətləşmələr nəticəsində müəyyən edilib. Bu şirkət işlərin vaxtında, etibarlı və keyfiyyətli yerinə yetirilməsi və texniki tapşırıqların hazırlanması məqsədilə Anaklia Dəniz Limanı MMC tərəfindən işə götürülüb.

Bu satınalmalar üçün məhdud beynəlxalq bazar yanaşmalarından istifadə etməklə birmərhələli satınalma prosedurundan istifadə olunacaq. Dəvət olunmuş iddiaçılar texniki və maliyyə sahələrində tender təklifləri təqdim etməlidirlər.

Qalib təklif uyğunluq tələblərinə/meyarlarına cavab verən və ən yüksək ümumi bala (texniki təklif balı və maliyyə təklifi balı) malik olacaq.

Qeyd edək ki, Anaklia limanı layihəsinin həyata keçirilməsi Gürcüstan ərazisindən keçən nəqliyyat dəhlizinin rəqabət qabiliyyətinin artırılmasına, yeni yük axınlarının cəlb edilməsinə, həmçinin limanın istehsal və logistika xidmətlərinin inkişaf etdirilməsinə imkan yaradacaq.