Yaponiyanın “Mitsui O.S.K. Lines, Ltd.” (“MOL”) şirkəti yeni mayeləşdirilmiş təbii qaz (LNG) tankerinin suya buraxılması və adlandırılması mərasimi keçirib.
“Seanews.az” xəbər verir ki, tədbir ÇXR-in “Hudong-Zhonghua Shipbuilding” zavodunda baş tutub. “Greenergy Ocean” adlandırılan gəmi Sinqapurun “CNOOC Gas & Power Singapore Trading & Marketing” şirkətinə (Çin dövlət neft korporasiyası “CNOOC”-a məxsusdur) xidmət göstərəcək.
Bu, 2022-ci ilin yanvarında imzalanmış müqavilə çərçivəsində inşa edilən altı yeni LNG tankerindən ilk gəmidir. Gəmilərə üç şirkət: “MOL”, “CNOOC” və “COSCO Shipping LNG Investment” birgə sahib olacaq.
Uzunluğu 299 metr, eni 46,4 metr, suya oturumu 11,5 metr olan gəminin 2024-cü ilin may ayının sonuna təhvil verilməsi planlaşdırılır. Tanker “CNOOC” qrupunun dünya üzrə aldığı mayeləşdirilmiş təbii qazı Çinə daşıyacaq. Qalan beş tanker 2024-2026-cı illərdə istismara veriləcək.





