Tuapse yaxınlığında tankerə zərbə

70

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Krasnodar diyarında yerləşən Tuapse limanı yaxınlığında sanksiya altında olan “MARQUISE” tankerini hədəfə alıb.

Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı “Facebook” sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, Ukrayna Hərbi-Dəniz Qüvvələrinin bölməsi bu gün səhər iki dəniz pilotsuz katerindən istifadə edərək sanksiya altında olan “MARQUISE” gəmisinə hücum edib. Gəmi Kamerun bayrağı altında üzür və yükgötürmə qabiliyyəti 37 min tondan çoxdur.

Hücum anında tanker Tuapse şəhərindən təxminən 210 km cənub-şərqdə, AIS (avtomatik identifikasiya sistemi) siqnalı olmadan dreyf vəziyyətində olub. Gəminin dənizdə başqa bir gəmidən yük qəbul etməyi gözlədiyi ehtimal edilir.

Baş Qərargahın açıqlamasına əsasən, zərbə gəminin arxa hissəsinə dəyib. “MARQUISE” tankeri Ukrayna, Böyük Britaniya, Avropa İttifaqı, İsveçrə, Yeni Zelandiya və Kanada tərəfindən sanksiyalara məruz qalıb və Rusiya tərəfindən neft məhsullarının qanunsuz daşınmasında istifadə edilib.