Dənizlərdə yeni rekord: ən böyük yelkənli gəmi

116

Fransanın Sen-Nazer şəhərində dünyanın ən böyük yelkənli gəmisi sayılan “Orient Express Corinthian”ın rəsmi adlandırılma mərasimi keçirilib və gəmi sahibinə təhvil verilib.

Uzunluğu 220 metr, dedveyti isə 15 min ton olan bu unikal gəmi dəniz nəqliyyatının dekarbonizasiyası məqsədilə hazırlanmış “SolidSail” texnologiyası ilə təchiz olunub. Kruiz gəmisində hər biri 1500 kvadratmetr sahəyə malik üç nəhəng yelkən qurğusu quraşdırılıb. Tam avtomatlaşdırılmış bu sistem 360 dərəcə dönmə qabiliyyətinə malikdir.

Sınaqlar zamanı gəmi yalnız külək gücü ilə 12 uzel sürət yığaraq öz sinfində rekord nəticə göstərib.

“Accor” qrupunun əfsanəvi brendi altında fəaliyyət göstərəcək gəmi, eyni zamanda, mayeləşdirilmiş təbii qaz (LNG) ilə işləyən hibrid mühərrik sistemi ilə təchiz edilib.

Gəmidə quraşdırılmış süni intellekt əsaslı monitorinq sistemi dəniz məməlilərini aşkar edərək toqquşma riskini azaldır. Dinamik mövqeləndirmə texnologiyası isə lövbərdən istifadə etmədən gəminin sabit qalmasını təmin edir və bununla da dəniz dibinin qorunmasına töhfə verir.

110 sərnişin və eyni sayda heyət üzvü üçün nəzərdə tutulan lüks gəmidə 54 suit otaq, restoranlar, teatr və səsyazma studiyası mövcuddur.

Mayın 2-də ilk səfərinə çıxan gəminin əkizi olan “Orient Express Olympian”ın isə 2027-ci ildə təhvil verilməsi planlaşdırılır.

Seanews.az