Hörmüz gərginliyi domino effekti yaradır

177

Hörmüz boğazında davam edən gərginlik və Yaxın Şərqdəki münaqişə qlobal bazarlarda genişmiqyaslı qiymət artımlarına səbəb olub. Artıq yalnız neft və qaz deyil, bir sıra istehlak mallarında da bahalaşma müşahidə edilir.

Bazar iştirakçılarının məlumatına görə, alüminium, polad, ammiak, düyü, xurma və müxtəlif növ çərəzlər də daxil olmaqla bir çox məhsulun qiyməti yüksəlməkdədir. Ekspertlər bunu təchizat zəncirində yaranan pozuntularla izah edirlər.

Hesablamalara əsasən, Yaxın Şərq ölkələri ilə idxal-ixrac əməliyyatlarının pozulması dünya iqtisadiyyatına təxminən 700 milyard dollara yaxın zərər vurub. Münaqişənin başlanmasından bəri neftin qiyməti 65 faiz artıb ki, bu da nəqliyyat, logistika, ticarət və xidmət sektorlarında zəncirvari bahalaşma yaradıb.

“Allianz Research”in hesabatında qeyd olunur ki, “Brent” və WTI markalı neftin qiyməti artıq 100 dolları keçib. ABŞ-də isə qazma qurğularının sayında azalma müşahidə olunsa da, ölkə hələ də böhrandan nisbətən az zərər çəkən tərəflərdən biri kimi qiymətləndirilir.

Mütəxəssislərin fikrincə, ən ciddi təsir Avropa İttifaqı ölkələrinə dəyir. Ukrayna–Rusiya müharibəsi fonunda enerji qiymətlərinin artması Avropada iqtisadi təzyiqi daha da gücləndirir.

Dünya Bankının proqnozuna görə, yaxın dövrdə neftin orta qiyməti 86 dollar ətrafında qala bilər. Lakin bəzi analitiklər hesab edirlər ki, münaqişə tam bitdikdən sonra belə neftin qiyməti 100 dolların altına düşməyə bilər.

“Kpler” analitiki Navina Dassa isə bildirib ki, Yaxın Şərqdə hərbi əməliyyatlar dayansa belə, enerji infrastrukturunun bərpası uzun vaxt aparacaq və bu səbəbdən qiymətlərin yüksək səviyyədə qalması gözlənilir.