Qazaxıstan dəmir yolu dəniz donanması yaradır

371

Dövlət başçısının tapşırıqlarına uyğun olaraq “Qazaxıstan Temir Jolu” Səhmdar Cəmiyyəti (KTZ) Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) inkişafı çərçivəsində dəniz komponentinin gücləndirilməsi məqsədilə öz donanmasının formalaşdırılmasına başlayıb.

KTZ Express-in törəmə şirkəti olan “KTZ Express Shipping” MMC tərəfindən ümumilikdə 6 ədəd universal quru yük–konteyner gəmisinin inşasına dair müqavilələr imzalanıb. Onlardan 4-ü Çin Xalq Respublikasının Jiangsu Haizhongzhou Shipping Industry Co., Ltd. şirkətində, 2-si isə Azərbaycan Respublikasında fəaliyyət göstərən Bakı Gəmiqayırma Zavodunda inşa ediləcək.

Layihə çərçivəsində inşa olunacaq gəmilər “çay–dəniz” sinfinə aid olmaqla 9 900 tona qədər dedveyt və 537 TEU-ya qədər konteyner tutumu ilə nəzərdə tutulub. Gəmilər Xəzər və Qara dəniz hövzələrində istismar üçün uyğunlaşdırılacaq və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun dəniz hissəsinin vahid logistika zəncirinə inteqrasiyasını təmin edəcək.

Yeni donanma müasir naviqasiya və idarəetmə sistemləri ilə təchiz olunacaq, beynəlxalq IMO və MARPOL standartlarına uyğun şəkildə fəaliyyət göstərəcək. Layihənin klassifikasiya nəzarəti Bureau Veritas tərəfindən həyata keçiriləcək.

Bu təşəbbüsün Transxəzər dəhlizinin dayanıqlığının artırılmasına, yükdaşımaların səmərəliliyinin yüksəldilməsinə və regionda beynəlxalq tranzit imkanlarının genişləndirilməsinə mühüm töhfə verəcəyi bildirilir.