ABŞ Mərkəzi Komandanlığının nümayəndəsi kapitan Tim Hokinsə istinadən verilən məlumata görə, Hörmüz boğazı sularında saxlanılan İran yük gəmisi “Touska” və onun 22 nəfərlik heyəti Pakistana təhvil verilib.
“ABC News”un yaydığı xəbərdə bildirilir ki, ABŞ ordusu heyətin repatriasiyası prosesini artıq yekunlaşdırıb. Məlumata əsasən, daha əvvəl 6 nəfər də region ölkələrindən birinə göndərilib. ABŞ tərəfi həmçinin gəminin əvvəlki sahibinə geri qaytarıldığını açıqlayıb.
Hadisə ilə bağlı bildirilir ki, İran bayrağı altında hərəkət edən “Touska” gəmisi aprelin 19-da Oman körfəzində ABŞ-nin dəniz blokadasını yarmağa cəhd edib. Gəminin hərəkəti zamanı xəbərdarlıqlara məhəl qoyulmadığı və nəticədə müdaxilə edildiyi qeyd olunur.
ABŞ Hərbi Dəniz Qüvvələrinin zərbəsi nəticəsində gəminin mühərrik hissəsinin zədələndiyi, daha sonra isə onun Bəndər Abbas limanı istiqamətində hərəkətinin dayandırıldığı bildirilir.
İran tərəfi isə baş verənləri “silahlı dəniz quldurluğu” kimi qiymətləndirərək cavab addımları üzərində işlədiyini açıqlayıb.





