Yanmış tanker Liviyada

74

Rusiyaya məxsus, son iki ay ərzində Aralıq dənizində idarəolunmaz vəziyyətdə sürüklənən “Arctic Metagaz” adlı LNG tankeri Liviya sahillərində lövbər salıb.

Məlumata görə, peyk görüntüləri və dəniz izləmə sistemləri 277 metr uzunluğa malik tankerin Benqazi şəhərindən təxminən 18 dəniz mili məsafədə sabit vəziyyətdə dayandığını təsdiqləyir. Bu hal bir neçə uğursuz yedəkləmə cəhdindən sonra Liviya tərəfinin gəmini nəzarətə götürdüyünü göstərir.

Hadisənin başlanğıcı mart ayının əvvəlinə təsadüf edir. Belə ki, tanker Malta yaxınlığında Ukraynaya məxsus dəniz dronu tərəfindən vurulduqdan sonra heyət üzvləri gəmini tərk edib. Bundan sonra gəmi göyərtəsində təhlükəli qaz və yanacaq yükü ilə birlikdə açıq dənizdə nəzarətsiz şəkildə hərəkət etməyə başlayıb.

Fırtınalı hava şəraiti və texniki nasazlıqlar səbəbindən yedəkləmə əməliyyatları dəfələrlə uğursuz olub, kanatlar qırılıb və tanker ətraf mühit, eləcə də sahil infrastrukturu üçün ciddi risk mənbəyinə çevrilib. Bu səbəbdən bir müddət əvvəl naviqasiya xəbərdarlığı da elan edilib.

Hazırda Liviya Milli Neft Korporasiyası tərəfindən verilən məlumata əsasən, gəmidəki qazın böyük hissəsi artıq sızıb və partlayış riski nisbətən azalıb. Bununla belə, tankerdə qalan dizel yanacağının başqa gəmiyə köçürülməsi planlaşdırılır. Gəminin texniki vəziyyəti və gövdəsinin davamlılığı isə hələ də tam qiymətləndirilməyib.

Seanews.az