SOCAR nümayəndələri “Neptun” qazma qurğusunda olublar

162

SOCAR-ın vitse-prezidentləri Babək Hüseynov, Arzu Cavadova, Ziba Mustafayeva və İsmayıl Zərgərli UBOC tərəfindən istismar olunan “Neptun” özüqalxan qazma qurğusuna səfər ediblər.

SOCAR-dan verilən məlumata görə, nümayəndə heyəti “Ümid” yatağında yerləşən U-01A sualtı qiymətləndirmə quyusunda aparılan işlərlə və qurğunun texniki imkanları ilə yaxından tanış olub, qazma prosesini real vaxt rejimində izləyib.

Layihə çərçivəsində Xəzər hövzəsində ilk dəfə olaraq özüqalxan qazma qurğusu vasitəsilə dərin sualtı qiymətləndirmə quyusu qazılıb. Eyni zamanda, “Ümid” yatağında 6 972 metr dərinliyə malik ən dərin quyunun uğurla tamamlandığı qeyd olunub.

Layihənin yüksək təhlükəsizlik standartlarına uyğun, vaxtından əvvəl və səmərəli şəkildə icra edildiyi vurğulanıb.

“Neptun” qazma qurğusunda həyata keçirilən əməliyyatlar ölkənin neft-qaz sənayesində texnoloji imkanların genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.