Böyük Britaniya Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi məqsədilə yeni beynəlxalq müdafiə missiyası çərçivəsində pilotsuz uçuş aparatları (PUA), qırıcı təyyarələr və hərbi gəmi texnikası göndərəcəyini açıqlayıb.
Bu barədə Böyük Britaniyanın müdafiə naziri Con Hili missiyada iştirak edən ölkələrin 40-dan çox müdafiə naziri ilə keçirilən onlayn görüş zamanı bildirib.
Nazirin sözlərinə görə, missiya çərçivəsində pilotsuz mina axtarışı sistemləri, minaaxtaran gəmi, yüksəksürətli katerlər, “Eurofighter Typhoon” qırıcıları və “HMS Dragon” esminesi bölgəyə cəlb olunacaq.
O vurğulayıb ki, bu təşəbbüs müdafiə xarakterli, müstəqil və beynəlxalq əməkdaşlığa əsaslanan bir missiyadır.
Böyük Britaniya artıq regionda mövcud əməliyyatlar çərçivəsində 1000-dən çox hərbi qulluqçu, o cümlədən PUA əleyhinə bölmələr və qırıcı eskadrilyalar yerləşdirib.
Yeni mərhələdə ölkənin töhfəsi minatəmizləmə imkanlarının genişləndirilməsi və dronlara qarşı müdafiə sistemlərinin gücləndirilməsi üçün 155,53 milyon dollar həcmində maliyyələşdirmə ilə dəstəklənəcək.
Agentliklərin məlumatına görə, London regionda artan gərginlik fonunda kommersiya gəmiçiliyinin təhlükəsiz naviqasiya azadlığına inamını qorumağa çalışır.





