Neft və qaz marşrutunda yeni razılaşma

98

İraq və Pakistanın İranla Fars körfəzindən neft və mayeləşdirilmiş təbii qazın (MTQ) daşınmasına dair yeni sazişlər imzaladığı bildirilir.

Bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Bağdad və Tehran arasında əldə olunan razılaşma çərçivəsində İraq 4 milyon barel neft daşıyan iki supertankerin Hörmüz boğazından təhlükəsiz keçidini təmin edib.

“Hazırda İraq əlavə tranzitlər üçün İranın razılığını almaq istiqamətində danışıqları davam etdirir”, – mənbələr qeyd edib.

Eyni zamanda, İslamabad və Tehran arasında ayrı ikitərəfli saziş çərçivəsində Qətərdən yüklənmiş MTQ daşıyan iki tanker Pakistana yönəldilib.

Mənbələrin məlumatına görə, Qətər bu razılaşmalara birbaşa cəlb olunmayıb, lakin Pakistanın planlaşdırılan daşımalarla bağlı ABŞ-ni əvvəlcədən məlumatlandırdığı bildirilir.

İraq və Pakistanın tranzit əməliyyatları üçün İrana və ya İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) birbaşa ödəniş etmədiyi vurğulanır.