Gəmi insidentində milyonluq anlaşma

156

ABŞ-nin Baltimor şəhərindəki “Fransis Skot Ki” körpüsünün dağılması ilə nəticələnən qəza ilə bağlı Merilend ştatı gəmi sahibi və operatoru ilə 2,25 milyard dollarlıq barışıq sazişi imzalayıb. Bu məbləğ dənizçilik tarixində ən böyük kompensasiya razılaşmalarından biri kimi qiymətləndirilir.

Saziş Sinqapurun “Grace Ocean Private Limited” və “Synergy Marine Pte. Ltd.” şirkətlərinə qarşı irəli sürülən iddialara son qoyur. Ödəniləcək vəsait körpünün bərpası, ətraf mühitə dəyən ziyan, itirilmiş rüsum gəlirləri və Baltimor limanının fəaliyyətinin dayanması nəticəsində yaranan iqtisadi itkiləri əhatə edir.

Fəlakətin ümumi iqtisadi ziyanı 5 milyard dollardan çox qiymətləndirilir. Körpünün yenidən inşasının isə 4,3–5,2 milyard dollar arasında başa gələcəyi və 2030-cu ilədək tamamlanacağı bildirilir.

Razılaşma həm də gəmi sahiblərinin 1851-ci il tarixli qanuna əsaslanaraq məsuliyyəti gəminin qəzadan sonrakı dəyəri ilə məhdudlaşdırmaq cəhdlərinin qarşısını alıb.

Eyni zamanda federal prokurorlar “Synergy Marine” və bir neçə məsul şəxsə qarşı cinayət işi açıblar.

2024-cü ilin martında baş vermiş hadisə nəticəsində altı nəfər həlak olub, Baltimor limanı həftələrlə bağlanıb və regionun təchizat zəncirinə ciddi ziyan dəyib.

Seanews.az