Kruiz gəmisində norovirus şübhəsi: 1700-dən çox sərnişin karantinə alındı

148

Fransanın Bordo limanında lövbər salmış “Ambassador Cruise Line” şirkətinə məxsus “Ambition” kruiz gəmisində norovirus epidemiyası şübhəsi səbəbindən 1700-dən çox sərnişin və heyət üzvü müvəqqəti karantinə alınıb.

Mayın 12-də gəmi limana daxil olduqdan sonra təxminən 50 nəfərdə kəskin mədə-bağırsaq infeksiyasına xas simptomlar müşahidə edilib. Əksəriyyəti Böyük Britaniya və İrlandiya vətəndaşları olan sərnişinlərin limana enişi dayandırılıb, həmçinin liman personalı ilə təmaslar məhdudlaşdırılıb.

Səhiyyə orqanları tərəfindən gəmiyə tibbi heyət göndərilib, infeksiyanın dəqiq mənbəyini müəyyən etmək üçün laborator nümunələr götürülüb. Bildirilib ki, vəziyyət nəzarətdə saxlanılır və nəticələr analizlərdən sonra açıqlanacaq.

Mayın 11-də gəmidə 92 yaşlı britaniyalı sərnişin ürək tutmasından vəfat edib. Hazırda bu ölüm hadisəsi ilə virus arasında birbaşa əlaqə müəyyən edilməyib.

Şotlandiyadan yola düşən və İspaniyaya istiqamətlənən kruiz səfəri müvəqqəti dayandırılıb. Rəsmilər hadisənin digər gəmilərdə qeydə alınmış infeksion hallarla əlaqəli olmadığını bildiriblər.

Seanews.az