Qazaxıstan və Azərbaycan Xəzərdə birgə logistika təşəbbüsü hazırlayır

161

Qazaxıstan və Azərbaycan Xəzər dənizində dibdərinləşdirmə işlərinin həyata keçirilməsi məqsədilə birgə müəssisənin yaradılması istiqamətində iş aparır. Təşəbbüs Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (TMTM) – “Orta Dəhliz”in inkişafına və marşrutun ötürmə qabiliyyətinin artırılmasına xidmət edir.

Planlara əsasən, yaradılacaq birgə müəssisə Xəzərdə liman akvatoriyalarında tələb olunan dərinliyin təmin olunması, gəmiçiliyin fasiləsiz və təhlükəsiz fəaliyyətinin dəstəklənməsi və logistika əməliyyatlarının optimallaşdırılması ilə məşğul olacaq.

Layihə çərçivəsində Transxəzər marşrutu üzrə infrastrukturun təkmilləşdirilməsi, limanların inkişafı, xətt gəmilərinə prioritet xidmət göstərilməsi, vahid tarif yanaşmasının tətbiqi, həmçinin dəmir yolu və dəniz daşımaları üçün inteqrasiya olunmuş sənəd dövriyyəsi nəzərdə tutulur. Eyni zamanda logistika sahəsində “vahid pəncərə” prinsipi və rəqəmsal idarəetmə sistemlərinin tətbiqi planlaşdırılır.

Təşəbbüsün əsas komponentlərindən biri bütün nəqliyyat zəncirini koordinasiya edəcək vahid logistika operatorunun formalaşdırılmasıdır. Bu sistemin yüklərin emal prosesini sürətləndirməsi, əməliyyat xərclərini azaltması və daşımaların şəffaflığını artırması gözlənilir.

Layihənin hazırlanması 2024-cü il 11–12 mart tarixlərində Prezidentin Azərbaycana səfəri zamanı verilmiş tapşırıqların icrası çərçivəsində həyata keçirilir. Rəsmi qiymətləndirmələrə əsasən, təşəbbüs Transxəzər dəhlizinin beynəlxalq logistika sistemində rolunu gücləndirəcək və regionun tranzit imkanlarını genişləndirəcək.