Gəmi agentlikləri üçün yeni dövr

67

Türkiyədə gəmi agentliklərinin fəaliyyət prinsiplərini, maliyyə tələblərini və heyətin ixtisas şərtlərini yeniləyən “Gəmi Agentlikləri haqqında Əsasnamə” qüvvəyə minib.

Nəqliyyat və İnfrastruktur Nazirliyi tərəfindən hazırlanan yeni qaydalar dənizçilik sektorunda xidmət keyfiyyətinin və şəffaflığın artırılmasını, eləcə də beynəlxalq standartlara uyğunlaşmanı hədəfləyir.

Yeni nizamnaməyə əsasən, Türkiyədə fəaliyyət göstərən gəmi agentlikləri səlahiyyət və fəaliyyət sahələrinə görə A, B və C siniflərinə bölünüb. Bosfor və Çanaqqala boğazlarında xidmət göstərən agentliklər üçün isə daha sərt tələblər müəyyən edilib. Şirkətlərin fəaliyyət göstərməsi üçün nizamnamə kapitalının minimum həddi A sinfi üzrə 5 milyon TL, B sinfi üzrə 1 milyon TL, C sinfi üzrə isə 500 min TL olaraq təsdiqlənib.

Bundan əlavə, sektorda çalışan personal üçün təlim, imtahan və sertifikatlaşdırma prosedurları yenidən tənzimlənib, səlahiyyət sənədlərinin mütəmadi yenilənməsi və yoxlamaların rəqəmsal sistem üzərindən aparılması qərara alınıb.

14 may 2026-cı il tarixli “Rəsmi Qəzet”də dərc edilən əsasnamənin bəzi müddəaları dərhal qüvvəyə minib, digərləri isə 3 ay sonra tətbiq olunacaq. Bununla da 2012-ci ilə aid əvvəlki qaydalar tam şəkildə ləğv edilir.

Seanews.az