ABŞ konteyner istehsalçılarına qarşı ittiham irəli sürdü

171

ABŞ Ədliyyə Nazirliyi dünyanın aparıcı konteyner istehsalçısı olan dörd şirkətə və onların yeddi rəhbər şəxsinə qarşı rəsmi ittiham irəli sürüb.

Şirkətlər qlobal ticarətdə istifadə olunan standart quru yük konteynerlərinin qiymətlərini süni şəkildə artırmaq məqsədilə kartel sövdələşməsində iştirak etməkdə təqsirləndirilir.

İttihama əsasən, Çinin “Dong Fang”, “CXIC”, “Singamas” və “CIMC” şirkətləri 2020-ci ildən etibarən istehsal həcmini məhdudlaşdırmaq və qiymətləri artırmaq üçün razılaşma əldə ediblər. Araşdırmalarda qeyd olunur ki, bəzi istehsal xətlərində nəzarət kameraları quraşdırılıb və kvota sistemləri tətbiq edilib.

Pandemiya dövründə konteyner çatışmazlığı fonunda şirkətlərin gəlirlərində kəskin artım qeydə alınıb.

Hazırda iş üzrə bir nəfər Fransada saxlanılıb və ABŞ-yə ekstradisiyası gözlənilir. Digər şübhəlilər barədə hüquqi prosedurlar davam edir.

Təqsir sübuta yetirilərsə, şirkətlər və rəhbər şəxsləri milyonlarla dollar məbləğində cərimə və uzunmüddətli həbs cəzası ilə üzləşə bilər.

Seanews.az