Reqata qalibi: Dənizlə mübarizə məsuliyyət tələb edir

189

Sea Breeze Marina yaxta klubunda yay mövsümünün açılışı çərçivəsində keçirilən SB20 reqatasında 8 yelkənli qayığın iştirakı ilə yarış baş tutub.

Yarışın qalibi SB20 komandasının kapitanı Ruslan Əzizov yelkənli idmanın əsas xüsusiyyətinin təbiət ünsürləri ilə mübarizə və yüksək məsuliyyət olduğunu bildirib.

Onun sözlərinə görə, yarış zamanı kapitanın hər qərarı komandanın nəticəsinə birbaşa təsir edir və bu, idmanı daha da çətin və maraqlı edir. “Uğur üçün əsas amil intizam, soyuqqanlılıq və daim öz üzərində işləməkdir”, – deyə o vurğulayıb.

R.Əzizov yelkənli idmana marağının uşaqlıqdan formalaşdığını, onu bu sahəyə atasının yönləndirdiyini qeyd edib. O bildirib ki, dəniz, külək və məsuliyyət hissi bu idman növündə onun əsas motivasiyasıdır.

Qeyd edək ki, idmançı 2013-cü ildən yelkənli idmanla məşğuldur və bu müddətdə müxtəlif respublika və beynəlxalq yarışlarda iştirak edib. Bundan əvvəl isə baydarka ilə avarçəkmə üzrə Azərbaycan U-16 yığmasının üzvü olub.