Tələbələr imtahanlara başladı

132

01 iyun 2026-cı il tarixindən Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) 2025–2026-cı tədris ilinin yaz semestrinin imtahan sessiyasına start verilib.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə və Akademiya üzrə təsdiq olunmuş imtahan cədvəlinə uyğun təşkil edilən sessiya 03 iyul 2026-cı il tarixinədək davam edəcək.

İmtahanların mütəşəkkil, şəffaf, obyektiv və normativ tələblərə uyğun keçirilməsini təmin etmək məqsədilə Akademiya rəhbərliyi tərəfindən zəruri təşkilati tədbirlər görülüb. Sessiyanın gedişinə nəzarət, tələbələrin müraciətlərinin operativ araşdırılması və yarana biləcək məsələlərin çevik həlli üçün İmtahan Qərargahı və Müşahidə Qrupu yaradılıb.

İmtahanlar Akademiyanın hər iki tədris binasında keçirilir. Tələbələrin bilik və bacarıqlarının obyektiv qiymətləndirilməsi, akademik dürüstlük prinsiplərinin qorunması və imtahan prosesinin şəffaflığının təmin edilməsi əsas prioritetlərdən biridir. Bu məqsədlə ictimai nəzarət mexanizmlərindən, müasir informasiya texnologiyalarından və “Elektron Akademiya” platformasının imkanlarından geniş istifadə olunur.

Sessiya çərçivəsində imtahanlar yazılı, test, sistemdaxili yazılı, sistemdaxili test-yazılı və şifahi formalarda təşkil edilir. Nəticələrin operativ elan olunması, müraciətlərin vaxtında araşdırılması və apellyasiya prosedurlarının şəffaf şəkildə həyata keçirilməsi üçün müvafiq komissiyalar fəaliyyət göstərir.

ADDA rəhbərliyi bütün tələbələrə imtahan sessiyasında uğurlar arzulayır, onları akademik etik davranış qaydalarına riayət etməyə və əldə etdikləri bilik və bacarıqları yüksək nəticələrlə nümayiş etdirməyə çağırır.

#ADDA