Bakı Enerji Həftəsi və 1-ci Azərbaycan–ABŞ İqtisadi Dialoqu çərçivəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və SOCAR tərəfindən ABŞ, Türkiyə, Serbiya, San-Marino və Fransa kimi müxtəlif ölkələrin qabaqcıl şirkət və qurumları ilə enerji, iqtisadiyyat, investisiya və rəqəmsal texnologiyalar sahələrini əhatə edən, ümumi dəyəri 7,5 milyard dollar olan bir sıra mühüm saziş və memorandumlar imzalanıb.
Qeyd olunub ki, bu sənədlər ABŞ–Azərbaycan münasibətlərinin ənənəvi enerji tərəfdaşlığından daha geniş, strateji və yüksək texnologiyalara əsaslanan iqtisadi əməkdaşlığa keçidini əks etdirir. 1-ci Azərbaycan–ABŞ İqtisadi Dialoqunun protokolu da bu çərçivədə imzalanaraq iki ölkə arasında iqtisadi əlaqələrin institusional əsasda daha sistemli mərhələyə qədəm qoyduğunu göstərir.
Sazişlər çərçivəsində “JP Morgan”, “Apollo Global Management”, “Chevron”, “Comstock Resources” kimi iri beynəlxalq şirkətlərin SOCAR və TANAP layihəsi ilə əməkdaşlığı da vurğulanır. Bu, ABŞ biznesinin Azərbaycan iqtisadiyyatının sabitliyinə və investisiya potensialına etimadının göstəricisi kimi qiymətləndirilir.
Eyni zamanda, “Kritik mineralların və nadir torpaq elementlərinin hasilatı və emalı sahəsində təchizatın təmin edilməsi” üzrə Azərbaycan–ABŞ çərçivə sənədi imzalanıb. Sənədə Azərbaycan tərəfindən iqtisadiyyat naziri Mikayıl Cabbarov, ABŞ tərəfindən isə Kaleb Orr imza atıb.
Bundan başqa, İqtisadiyyat Nazirliyi ilə “Oracle” şirkəti arasında əməkdaşlıq memorandumu da imzalanıb. Sənəd rəqəmsal transformasiya və texnoloji əməkdaşlıq istiqamətində yeni imkanlar açır.
Ümumilikdə, imzalanan 7,5 milyard dollarlıq paket Azərbaycan–ABŞ iqtisadi münasibətlərinin enerji, innovasiya, investisiya və strateji resursların idarə olunması sahələrində yeni inkişaf mərhələsinə keçdiyini nümayiş etdirir.





